Kaşkilya “İmişli”dən ayrıldı! Vidalaşdı
“Azərbaycanda olmaq həyatım üçün böyük təcrübə idi” – Kaşkilyadan emosional vida!
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının son turundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya diqqətçəkən açıqlamalar verib.
“Karvan-Yevlax”la 1:1 hesablı heç-heçəni dəyərləndirən portuqaliyalı mütəxəssis həm nəticədən razı qaldığını bildirib, həm də Azərbaycandakı dönəmini xüsusi sözlərlə xatırlayıb.
Kaşkilya oyunda yerli futbolçulara güvəndiklərini vurğulayaraq bunu komanda üçün vacib addım adlandırıb:
"İstər şəxsi, istərsə də peşəkar müstəvidə yalnız müsbət düşüncələrə sahibəm. "İmişli"yə gələcəkdə uğurlar arzu edirəm. Biz bu gün gənc futbolçulara şans verdik".
“Bu gün start heyətində 10 azərbaycanlı futbolçu var idi. Məncə, nəticə tam ədalətli oldu”.
Baş məşqçi klubun bütün əməkdaşlarına və azarkeşlərə təşəkkür etməyi də unutmayıb:
“Fanatlar daim qəlbimdə qalacaqlar. Mövsüm ərzində uzun yollar qət edib bizə dəstək olurdular”.
Jorj Kaşkilya Azərbaycandakı fəaliyyəti barədə isə olduqca emosional danışıb:
“Azərbaycanda olmaqdan çox məmnunam. Bu, həyatımda böyük təcrübə oldu”.
Mütəxəssisin sözlərinə görə, o, artıq ölkədən ayrılmağa hazırlaşır:
“Bu gecə Portuqaliyaya yola düşəcəyəm”.
Son günlər mətbuatda onun adının “Sumqayıt” və “Kəpəz”lə hallanmasına da münasibət bildirən Kaşkilya yayılan xəbərləri təkzib edib:
“Heç bir təklif yoxdur. İndiki məqamda hələ ki yalnız ailəmi düşünürəm. Haqqımda yazılan xəbərlərin çoxu doğru deyil. Hətta yaxınlarda belə bir xəbər də yayılmışdı ki, guya mən "İmişli"də qalmaq istəmirəm və klubun mənə təklif etdiyi şərtlər yaxşı olmayıb. Bu da doğru deyil".
Portuqaliyalı məşqçi Azərbaycan futbolu barədə də müsbət fikirlər səsləndirib. O, yerli oyunçuların keyfiyyətini yüksək qiymətləndirib:
“Azərbaycan çempionatında yerli futbolçuların səviyyəsi kifayət qədər yüksəkdir”.
Kaşkilya əlavə edib ki, legioner limitinin ləğvi çempionatın inkişafına müsbət təsir göstərib və yerli futbolçular üçün yeni imkanlar yaradıb.