Kerem Aktürkoğlu mundial qabağı zədələndi
Türkiyə millisinin aparıcı üzvlərindən olan Kərəm Aktürkoğlu məşq zamanı zədələnib.
90plus.az xəbər verir ki, 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində keçirilən məşq prosesində ikitərəfli oyun zamanı futbolçunun ayağı qazona ilişib. Nəticədə tarazlığını itirən 27 yaşlı hücumçu ağrılar içində yerə yıxılıb.
Tibb heyəti dərhal meydana daxil olaraq oyunçuya ilkin yardım göstərib. Diz nahiyəsi sarınan Aktürkoğlu meydanı öz ayaqları ilə tərk edə bilməyib. O, xüsusi tibbi avtomobillə bazaya aparılıb.
Hazırda futbolçunun durumunun dəqiqləşdirilməsi üçün tibbi müayinələr davam edir.
Türkiyəli jurnalist Ertan Süzgünün məlumatına görə, Kərəm təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Bununla belə, onun dünya çempionatında iştirakına təhlükə olmadığı bildirilir.
Qeyd: Kərəm Aktürkoğlu indiyədək Türkiyə millisinin heyətində 51 oyuna çıxıb. O, bu matçlarda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved