Koxalskidən etiraf: "Qarabağ"dan getmək istəyirəm"
“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalskiyə qış fasiləsi dönəmində vətənindən təklif gəlib.
90plus.az xəbər verir ki, 26 yaşlı qolkiper bu barədə Polşa mətbuatına danışıb.
O bildirib ki, “Vidzev” klubunun təklifinə hətta razılıq da verib: “Təsdiq edirəm ki, belə bir təklif olmuşdu və mən cavab olaraq razılığımı bildirmişdim. Daha əvvəl də vurğuladığım kimi, Bakıda idman baxımından uğurlu çıxış edirəm. İnkişaf etdiyimi və Çempionlar Liqasında forma geyindiyimi hiss edirəm. Bura nailiyyət qazanmaq üçün ideal məkandır. Amma indiyədək açıqlamadığım bir məqam var. Məşq və ya oyundan sonra evə dönəndə tək oluram. Doğmalarımdan uzaqda yaşayıram. Futbol həyatımda önəmli yer tutur, bu, şübhəsizdir. Lakin ailəm və yaxınlarım hər zaman mənim üçün əsas olub və olacaq. Nişanlım indi daha çox yanımda olur, amma Polşaya qayıdanda yenidən hər şeylə tək mübarizə aparmalı oluram. Bu isə mənə ağır gəlir. Ümid edirəm ki, insanlar bunu anlayışla qarşılayar. Mən ailəcanlı insanam və belə ayrılıq psixoloji baxımdan mənə mənfi təsir göstərir. Məhz buna görə “Vidzev”in təklifini qəbul etmişdim”.
Koxalski qeyd edib ki, “Qarabağ” transferə razılıq verməyib: “Rəhbərlik razılaşmadığı üçün keçid baş tutmadı. Ehtiyat qapıçımız zədələndi, üstəlik yeni qolkiperin qeydiyyatı ilə bağlı çətinlik yarandı. Komanda üçün önəmli fiqur olduğuma görə “Qarabağ” “Vidzev”in təklifini geri çevirdi. Mən bunu anlayıram və artıq məsələni geridə qoymuşam. “Vidzev” başqa qapıçı ilə anlaşdı və mövzu bağlandı”.
Təcrübəli qapıçı Dortmund “Borussiya”sından təklif aldığı barədə yayılan xəbərləri də yalanlayıb: “Borussiya” tərəfindən heç bir rəsmi müraciət olmayıb. Sadəcə mətbuatda yazılanları oxumuşam. Son həftələrdə mənimlə bağlı yayılan transfer xəbərlərinin 90 faizi həqiqətə uyğun deyil”.
© Copyright 2026, All Rights Reserved