Kurban Berdiyev: “Maliyyə əsas rol oynayır”
Berdiyev: “Çempionluq üçün heyəti gücləndirmək vacibdir”.
90plus.az xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Sabah”a qarşı keçirilən mövsümün son oyunundan sonra komandasının çıxışını və gələcək planlarını dəyərləndirib.
Təcrübəli mütəxəssis 1:2 hesablı məğlubiyyətə baxmayaraq futbolçularından narazı qalmadığını bildirib. Onun sözlərinə görə, komanda matç ərzində sona qədər mübarizə aparıb:
“Qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Futbolçular əllərindən gələni etdilər. Bu oyunda gənclərə də şans yaratmaq istəyirdik və onlara meydanda vaxt verdik”.
Berdiyev başa çatan mövsümü ümumilikdə uğurlu hesab etdiyini söyləyib. O, bəzi oyunlarda itirilən xalların komandanın daha yüksək nəticə qazanmasına mane olduğunu vurğulayıb:
“Bəzi matçlarda üstün oynasaq da, xal itirdik. Buna baxmayaraq, mövsüm ərzində komanda yaxşı iş gördü. Oyundan sonra futbolçulara təşəkkür etdim”.
“Turan Tovuz”un gələcəkdə çempionluq uğrunda mübarizə aparmaq ehtimalına toxunan baş məşqçi klub rəhbərliyinin yüksək hədəflər qoymasını müsbət qiymətləndirib. Berdiyev “Sabah”ın çempionluğunu nümunə göstərərək heyət keyfiyyətinin vacibliyini qeyd edib:
“Çox güclü komanda qurdular və bunun nəticəsini aldılar. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma hər şey maliyyə imkanlarından asılıdır”.
72 yaşlı çalışdırıcı avrokubok perspektivindən də danışıb. O bildirib ki, beynəlxalq arenada uğurlu çıxış üçün daha geniş və keyfiyyətli heyət formalaşdırmaq lazımdır:
“Əgər heyət güclənsə, avrokuboklarda yaxşı nəticə qazanmaq mümkündür. Bunun üçün isə maliyyə faktoru əsas rol oynayır”.
© Copyright 2026, All Rights Reserved