“Əl Nəssr” Ronaldo ilə yeni sövdəsini elan etdi
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə yeni iki illik müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 40 yaşlı hücumçunun komandada qaldığını sosial şəbəkə hesablarında bu video ilə elan etdi:
"Hekayə davam edir... 🐐"
VİDEO: https://t.me/doxsanplus/104563
Daha əvvəl yeni müqavilənin portuqaliyalı ulduzun istədiyindən asılı olaraq, 1 və ya 2 il müddətini əhatə edəcəyi bildirilirdi
Portuqaliyalı dünya ulduzu yeni rəsmi müqaviləsinə sosial şəbəkədə bu cür şərh verib:
“Yeni bir fəsil başlayır. Eyni ehtiras, eyni arzu. Gəlin bir yerdə tarix yazaq”.
Portuqaliyalı hücumçu “Əl-Nəsr”ə 2022-ci ildə, “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent kimi qoşulmuşdu. O vaxtdan bəri klubun heyətində 105 oyunda 93 qol vurub.
Ronaldo Qətərdə keçirilən 2022 Dünya Çempionatından dərhal sonra “Əl-Nəsr”lə 2,5 illik müqavilə imzalamışdı. Bu transfer onu dünyanın ən çox qazanan idmançısına çevirmişdi və Forbes-in məlumatına görə, son üç ildə bu mövqeyini qoruyub. 40 yaşlı futbolçunun ümumi gəliri hazırda təxminən 275 milyon dollar civarındadır.
Ronaldo hələ də yüksək səviyyədə çıxış edir və bu ay Portuqaliyanı UEFA Millətlər Liqasının qalibi edib — finalda İspaniyanı məğlub edən komandanın lideri olub.
O, eyni zamanda 1000 qol hədəfinə də yaxınlaşıb. Klub karyerasında 794, milli komandada isə 138 qolla ümumilikdə 932 qola çatıb.
Ronaldo Səudiyyə Ərəbistanına gəlişindən sonra Avropadakı bir sıra ulduz futbolçuların Səudiyyə Pro Liqasına keçidinə yol açmışdı. Onlardan biri də sabiq “Real” komanda yoldaşı Karim Benzema olub.
Ronaldo “Əl-Nəsr”lə Ərəb Klublar Kubokunu qazansa da, hələ ki, SPL (Səudiyyə Pro Liqası) çempionluğuna çata bilməyib. Komanda 2022/23 və 2023/24 mövsümlərini ikinci, 2024/25 mövsümünü isə üçüncü yerdə tamamlayıb.
“Əl-Nəsr”in idman direktoru Fernando Yerro bu ilin mayında Ronaldo ilə yeni müqavilə imzalamaq istədiklərini bildirmişdi. Onun sözlərinə görə, portuqaliyalı ilə maraqlanan başqa klublar da var idi.
Beşqat “Qızıl top” sahibi yeni müqaviləyə imza ataraq, karyerasında yeddinci peşəkar klubda oynamaq ehtimalını rədd etmiş oldu.