La Liqa rəhbəri: “Dünya kuboku heç bir əhəmiyyət daşımır”
La Liqanın prezidenti Klublararası Dünya Çempionatını tənqid etdi: “Bu turnir futbol ekosistemini pozur”.
90plus.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas Klubların Dünya Çempionatının təşkilini sərt şəkildə tənqid edib. Mundo Deportivo nəşrinin yaydığı açıqlamada Tebas turnirin qayda pozuntuları ilə keçirildiyini bildirib.
“La Liqada və Avropada bu qədər gərgin oyun təqvimi içində KDÇ futbolçuların fiziki və zehni baxımdan tam tükəndiyi bir vaxtda keçirilir. Bu, futbol ekosistemini pozur. Avropada 60 min peşəkar futbolçu var və bu turnir onların əksəriyyəti üçün heç bir əhəmiyyət daşımır,” – deyə Tebas vurğulayıb.
Tebas həmçinin İspaniya nəhənglərinin turnirdəki mümkün uğurlarının daxili yarışlara təsirindən narahatdır: “Əgər ‘Real Madrid’ və ya ‘Atletiko Madrid’ bu yarışda çox irəliləsələr, La Liqada onların oyunlarını təxirə salmalı olacağıq. Bu da turnirin gedişatına mənfi təsir edir.”
O, həmçinin maddi bərabərsizlik məsələsinə də toxunub: “Bu klublar KDÇ-dən 100 milyon avro qazana bilərlər. Belə məbləği digər İspaniya klubları heç vaxt əldə edə bilməz. Bu isə daxili rəqabətə ciddi zərbə vurur.”
© Copyright 2026, All Rights Reserved