Lionel Messinin zədəsində son durum belədir
Messi ilə bağlı qorxu arxada qaldı – Argentina düşərgəsində rahatlıq var.
90plus.az xəbər verir ki, Lionel Messi Dünya Çempionatı öncəsi azarkeşləri qorxudan epizod yaşasa da, ilkin tibbi nəticələr ciddi problem olmadığını göstərir. “İnter Mayami”nin MLS-də “Filadelfiya Yunion” üzərində 6:4 hesablı qələbəsi ilə başa çatan oyunda argentinalı ulduzun vaxtından əvvəl əvəzlənməsi böyük narahatlıq yaradıb.
38 yaşlı hücumçu matçın 73-cü dəqiqəsində ehtiyat oyunçular skamyasına dəyişiklik işarəsi verib. Messi əvəzlənməzdən əvvəl ayağını tutarkən görüntülənib və birbaşa tunelə yollanması sosial şəbəkələrdə zədə ehtimalları ilə bağlı müzakirələri gücləndirib. Xüsusilə də Argentina millisinin Dünya Çempionatındakı ilk oyununun başlamasına cəmi 23 gün qaldığı üçün vəziyyət ciddi diqqət mərkəzinə çevrilmişdi.
Məlumata görə, Messi matç zamanı arxa bud nahiyəsində narahatlıq hiss edib və riski artırmamaq üçün oyunu davam etdirməməyə qərar verib. Jurnalist Qaston Edul bildirib ki, hazırkı mərhələdə heç bir əzələ zədəsi aşkarlanmayıb və futbolçunun vəziyyəti ciddi hesab edilmir.
Qarşılaşmanın ikinci hissəsində güclü yağış və ağır meydança şəraiti futbolçular üçün əlavə çətinlik yaradıb. Messi də epizodların birində yaş meydançada sürüşüb. Oyundan sonra “İnter Mayami”nin müvəqqəti baş məşqçisi Gilyermo Hoyos futbolçunun əvəzlənməsinin ehtiyat tədbiri olduğunu açıqlayıb:
“Bu sadəcə yorğunluq idi. Meydança çox ağır vəziyyətdə idi və risk etməmək qərarı verdik”.
Messi oyundan ayrılana qədər məhsuldar performans sərgiləyib və komandasının 6 qol vurduğu matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. Buna baxmayaraq, argentinalı ulduzun əsas prioritetinin Dünya Çempionatına tam hazır vəziyyətdə çatmaq olduğu vurğulanır.
“Doble Amarilla” nəşrinin yaydığı məlumata əsasən, aparılan ilkin tibbi müayinələr ciddi əzələ zədəsini tamamilə istisna edib. Həkimlərin rəyinə görə, futbolçuda sadəcə ağır oyun şəraiti və yüksək fiziki yükdən qaynaqlanan müvəqqəti əzələ yorğunluğu müşahidə olunur.
Beləliklə, Messinin Argentina millisinin qarşıdakı yoldaşlıq oyunlarını buraxmaq ehtimalı hazırda gündəmdə deyil. Təcrübəli hücumçunun iyunun 1-də açıqlanacaq yekun heyətə daxil ediləcəyi gözlənilir.
Dünya çempionatının açılış oyunu iyunun 11-də keçiriləcək. Son dünya çempionu olan Argentina isə turnirdə ilk matçına iyunun 17-də Əlcəzairə qarşı çıxacaq. Argentina millisində hər kəsin əsas məqsədi isə komandanın liderini turnirə maksimum hazır vəziyyətdə çatdırmaqdır.