Millinin avtobusu qəzaya uğradı, oyun təxirə salındı
Lüksemburqun U-21 millisinin avtobusu Fransada qəzaya düşüb.
90plus.az xəbər verir ki, Lüksemburqun U-21 milli futbol komandasını daşıyan avtobus Fransanın Bretan bölgəsində qəzaya uğrayıb. Hadisə dünən gecə - Avropa Çempionatının seçmə mərhələsində Fransa ilə oyundan bir gün əvvəl baş verib.
33 nəfərin olduğu avtobus yoldan çıxaraq xəndəyə düşüb. Fransız mediasının yazdığına görə, sürücü sükan arxasında huşunu itirmiş ola bilər.
Ouest-France qəzetinin məlumatına görə, səkkiz nəfər yüngül xəsarət alıb. Onların arasında dörd futbolçu, üç texniki heyət üzvü və sürücü var. Ən azı dörd nəfər əlavə müayinələr üçün Lorient xəstəxanasına aparılıb.
Xəsarət almayan sərnişinlər isə yerli merin təşəbbüsü ilə açılan icma zalında yerləşdirilib. Languidic-in meri Loran Duval Le Télégramme qəzetinə açıqlamasında deyib:
“Vəziyyəti nəzərə alaraq, zərərçəkənlərin yerləşdirilməsi üçün icma zalını açdım.”
Baş məşqçi Mario Muçsun rəhbərlik etdiyi komanda həmin gün daha əvvəl Lorientdə məşq etmiş və qəza baş verəndə Ploërmeldəki otelə qayıdırmış.
Fransa ilə Loryendə keçiriləcək qarşılaşmanın nə vaxt baş tutacağı hələlik bəlli deyil.
© Copyright 2026, All Rights Reserved