Musa Qurbanlı: 2 qol + 1 assist = yerli bombardir
Misli Premyer Liqasında yerli hücumçular arasında məhsuldarlığı ilə seçilən futbolçu müəyyənləşib.
90plus.az xəbər verir ki, “Qarabağ”ın forvardı Musa Qurbanlı mövsüm ərzində göstərdiyi performansla diqqət mərkəzinə düşüb. 24 yaşlı oyunçu 29-cu tur çərçivəsində “Neftçi”yə qarşı keçirilən səfər görüşündə komandasının 5:1 hesablı qələbəsində əsas rollardan birini oynayıb. Qurbanlı həmin qarşılaşmada iki dəfə fərqlənməklə yanaşı, bir məhsuldar ötürmə də edib.
Bu nəticədən sonra hücumçu cari mövsümdə Premyer Liqada vurduğu qolların sayını 7-yə yüksəldib. O, bu göstəriciyə 20 oyunda nail olub və bununla da yerli hücumçular arasında ən məhsuldar oyunçuya çevrilib.
Ümumilikdə isə çempionatda ən çox qol vuran azərbaycanlı futbolçu “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovdur. Onun hesabında 9 qol var. “Qarabağ”ın universal oyunçusu Toral Bayramov da Musa Qurbanlı ilə eyni sayda – 7 dəfə rəqib qapılarına yol tapıb.
© Copyright 2026, All Rights Reserved