Premyer Liqada nadir hadisə: Hakim oyunu davam etdirə bilmədi
İngiltərə Premyer Liqasında mövsümün sonuna yaxın baş tutan “Lester Siti” – “Sauthempton” qarşılaşmasında qeyri-adi anlar yaşanıb.
90plus.az xəbər verir ki, artıq liqanı tərk etməsi rəsmiləşmiş bu iki komandanın oyununda baş hakim Devid Vebb ciddi zədə alaraq matçı yarımçıq tərk etmək məcburiyyətində qalıb.
Görüşün 21-ci dəqiqəsində baş verən insident zamanı Vebb “Lester Siti”nin hücumçusu Cordan Ayu ilə toqquşub. Toqquşma nəticəsində üz nahiyəsindən zədə alan hakim yerə yıxılıb və dərhal tibbi yardım göstərilib. Zədəsinin ciddiliyi səbəbindən Vebb oyuna davam edə bilməyib və onun yerini dördüncü hakim Sem Barrott alıb.
Bu hadisə səbəbilə oyun təxminən 12 dəqiqəlik fasilə ilə davam edib.
Qeyd: Devid Vebb üçün bu, Premyer Liqada baş hakim kimi ilk oyunu idi. Mövsüm ərzində iki dəfə dördüncü hakim funksiyasını yerinə yetirən Vebbin debütü uğursuz alınıb.
Matç isə Ceymi Vardi və Cordan Ayu-nun vurduğu qollar sayəsində “Lester Siti”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
© Copyright 2026, All Rights Reserved