PSV Hollandiya çempionu oldu, "Ayaks" son anda uduzdu
90plus.az xəbər verir ki, Hollandiya Erediviziyasında 2024/25 mövsümünə bu gün oynanılan qarşılaşmalarla yekun vurulub. Səfərdə "Sparta Rotterdam" üzərində 3:1 hesablı qələbə qazanan PSV 79 xalla mövsümü zirvədə başa vuraraq çempionluğu rəsmiləşdirib.
"Ayaks" isə doğma meydanda "Tvente"yə 2:0 hesabı ilə qalib gəlsə də, mövsümü ikinci sırada tamamlamalı olub.
Mövsümün son mərhələsinə böyük üstünlüklə daxil olan "Ayaks" son 4 turda 10 xal itirib. Bu müddətdə bütün oyunlarını qazanan PSV isə son tura 1 xal üstünlüklə lider kimi girib. Son turda PSV "Sparta Rotterdam"la qarşılaşıb və 27-ci dəqiqədə Perişiç, 58-ci dəqiqədə Luuk de Yonq, 84-cü dəqiqədə isə Tillmanın vurduğu qollarla rəqibini 3:1 hesabı ilə məğlub edib.
"Ayaks" isə "Tvente" üzərində 28-ci dəqiqədə Henderson və 90-cı dəqiqədə Veqhorstun qolları ilə 2:0 hesablı qələbə qazansa da, bu nəticə komandanın yalnız ikinciliyi qorumasına kifayət edib.
Üst-üstə ikinci, ümumilikdə 26-cı çempionluq
Sezonu 79 xalla tamamlayan PSV, ardıcıl ikinci, ümumilikdə isə 26-cı dəfə Hollandiya çempionu olub. Qırmızı-ağlar bu nəticə ilə ölkə futbolunda daha bir əhəmiyyətli uğura imza atıblar.
Farioli üçün acı son
Hollandiya çempionatının ən titullu klubu olan "Ayaks" üçün isə mövsümün sonu uğursuz alınıb. Baş məşqçi Françesko Fariolinin rəhbərlik etdiyi komanda son 4 turda ardıcıl xal itkiləri ilə zirvəni əldən verib. Həlledici turda "PSV"nin qələbəsi isə "Ayaks"ın titul arzularını puça çıxarıb.
© Copyright 2026, All Rights Reserved