“Qarabağ” 700-ü keçdi, Medina 200-ə çatdı
“Qarabağ”dan tarixi göstərici – səfərdə 700-cü qol gəldi.
90plus.az xəbər verir ki, Azərbaycan çempionatlarında növbəti rekord Qarabağ FK tərəfindən qeydə alınıb. Ağdam təmsilçisi səfər oyunlarında vurduğu qolların sayını 700-ü keçərək ölkə futbolu tarixində ilkə imza atıb.
Yubiley qolu Musa Qurbanlı aktivinə yazdırıb. Hücumçu Misli Premyer Liqasının 29-cu turunda "Neftçi" ilə keçirilən və 5:1 hesabı ilə başa çatan görüşdə hesabı açaraq bu statistik göstəricini rəsmiləşdirib.
Ümumilikdə səfərdə 488-ci matçına çıxan “Qarabağ” qol sayını 704-ə yüksəldib. Bu nəticə klubun ölkə çempionatları tarixində ən məhsuldar komanda statusunu daha da möhkəmləndirib. Ağdam təmsilçisinin orta qol göstəricisi isə 1,44 təşkil edir.
Komandanın səfərdə ilk qolu 1992-ci ilə təsadüf edir. Həmin il mayın 9-da “Plastik”lə keçirilən oyunda (2:0) fərqlənən Cavanşir Novruzov klub tarixində bu statistikanın əsasını qoyub.
Digər tərəfdən, qarşılaşma Kevin Medina üçün də əlamətdar olub. Kolumbiyalı müdafiəçi “Qarabağ”ın heyətində 200-cü matçına çıxıb. O, bu görüşlə birlikdə ümumilikdə 6 qolla yadda qalıb.
Medina çempionatda 117 oyun (3 qol), avrokuboklarda 69 oyun (3 qol) və ölkə kubokunda 14 matç keçirib. 2020-ci ildən Ağdam klubunun formasını geyinən müdafiəçi komandanın son illərdəki uğurlarında mühüm rol oynayan futbolçulardan biri hesab olunur.
Qeyd: Bu statistika Peşəkar Futbol Liqasının məlumatlarına əsaslanır.
© Copyright 2026, All Rights Reserved