Qurban Qurbanov: "Bu səviyyədə turnirdə belə şeylər olmalı deyil"
Qurban Qurbanov "Tottenhem"lə oyundan sonra jurnalistlərin qabağına çıxıb.
90plus.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin ilk turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olduqları oyun haqda danışıb.
"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Bəlkə də bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik. Çünki, xeyli sayda şanslarımız oldu. Bu gün həm təcrübə, həm də ustalıq qalib gəldi. Futbolçularıma çox da iradlarım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər.
Futbolçularda bir az həyəcan var idi. Dünya futbolunun ən güclü çempionatı İngiltərədə keçirilir. "Tottenhem" həmişə liderlər sırasında olub. Məncə, həyəcan mane oldu. Rəqibin ustalığı bizə qalib gəldi. "Tottenhem"in azlıqda oynaması haradasa bizə rahatlıq verdi. Bəzi futbolçular daha arxayın oldular. Bu arxayınlıq texniki səhvlərimizə gətirib çıxardı. Biz onlara qol vurmaq üçün şərait yaratdıq. Bəlkə də daha yaxşı nəticə ola bilərdi.
Təxminən 2 saat yarım yolda olmuşuq. Bu qədər müddətdə avtobusda oturaq vəziyyətdə qalmaq istər-istəməz futbolçuların konsentrasiyasını pozur. Bunu səbəb kimi gətirmək istəmirəm. Amma bu səviyyədə turnirdə belə hallar olmalı deyil. Sadəcə bu ölkənin öz qayda-qanunları var. Polis müşayiəti verilmir, özümüz gəlməliyik. Belə tıxacda, bu cür oyunlarda polisin olması mütləqdir. Çox böyük təsiri oldu. Amma buna görə rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Stadiona çatanda dedilər ki, oyun 40 dəqiqə sonra başlamalıdır. Normal hazırlaşa bilmədik".
© Copyright 2026, All Rights Reserved