Qurban Qurbanov: “Elvinə bilirsiniz nə dedim? Qucaqladım və dedim ki, oğulsan”
"Azərbaycanlı kimi birliyimizi görəndə çox sevinirəm. Xalqımızı çox sevirəm. Həmişə istəyirəm ki, onların xoş gününü görüm. Təki, həmişə sevinsinlər". 90plus.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə Bakıdakı cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bildirib: "Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra hər gün bizim Ali Baş Komandanımız bir olmağı, yumruq kimi möhkəm olmağı, iradəli xalq olmağı çıxışlarında deyir. Mən deyirdim ki, müharibədən sonra sanki daha da ürəkli olmuşam. Bu mənə və kluba böyük motivasiya verir ki, bu sözlərdən istifadə edirəm. Bu gün bu xalqın layiqli komandası var idi meydanda. Futbol elədir ki, meydanda mübarizə aparmaq lazımdır. Bizim etdiklərimiz şəhidlərin, qazilərin etdiyinin 1 faizi də deyil. Elə miras qoyublar ki, heç nə ilə əvəz edə bilmərik. Bu gün meydanda döyüşçülər var idi. Elə əziyyət çəkdik ki, sonda Allah bizə bu cür qalibiyyət nəsib etdi. Başda ölkə başçısı olmaqla, veteranlarımızı, qazilərimizi, hamını təbrik edirəm. Hər birinizin sevincini görürdüm. Mən də sizinlə qürur duyurdum. Cənab Prezidenti təbrik edirəm, yenidən öz sevimli xalqına Prezident seçildi... İlk oyundan sonra təbriklərimi ona çatdırmaq istəyirdim. Səbr etdim, bu günə kimi gözlədim. Düşündüm ki, Bakıda zəfər qazanıb, ölkə başçısını təbrik edərəm". İlk görüşdən sonra " Bəlkə də Nəriman həmin qolu vursaydı, tez böyüməyəcəkd i" - deyə söyləyən baş məşqçi oyunçusunun 1 həftəyə mənəvi baxımdan böyüdüyünü bildirib: " Bəli, Nəriman çox böyüdü və çox böyüyəcək. İnsan məsuliyyətlidirsə, onun böyümək şansı da böyükdür. Nərimanın oradakı epizoddan sonra durumunu görmüşdüm. Ağlayırdı. Hamımız ona təsəlli verirdik. Məşqlərdə də daim çalışırdı. Bazadan kənara çıxmırdı. Bu gün Allah ona əvəzini verdi". O, Elvinə göstərilən qırmızı vərəqəyə də toxunub: "Belə matçlarda nə rəqibə, nə də özümüzə qırmızı vərəqə göstərilməsini istəmirəm. Bəlkə epizodlarda mən də aqressivlik göstərdim. Bir-iki dəqiqəyə iki sarı vərəqə vermək nə dərəcədə düzgündür? Hamını nəzərə almaq lazımdır. Bütün futbolçular qalib gəlmək istəyir, aqressiv olur. Birdən-birə komandanı ruhdan salmaq təsir etdi. Amma bunların hamısının faydası var. Futbol elədir ki, dözümlü olmalısan. Azərbaycan futbolu və futbolçular, klublar üçün bu oyunlar böyük təcrübədir. Futbol sona qədər oynanılan oyundur. Azlıqda da ola bilərsən, amma yenə də iradə və dözüm çox vacibdir. Məğlub olsaq da, qazandığımız çox şey olacaqdı. Zəfər çalmaq daha ləzzətli oldu". O, əzmkarlıqlarının və xarakter göstərməklərinin sayəsində oyunda dönüş edə bildiklərini qeyd edib: " Dönüş nöqtələrini saymaq olar. Məncə, əzmkarlıq və xarakter. 0:2-dən sonra istəyirdim ki, 90 dəqiqə qol buraxmayaq. Əlavə vaxta hazırlaşanda, futbolçulara bir söz dedim ki, biz geri çəkilməməliyik. Nə olursa, olsun, məğlubiyyət haqda düşünməməliyik. Dedim ki, uduzsaq da, rəqibin üzərinə getməliyik. Futbolçular inamla oynadılar, çəkinmədilər və sonda da Nəriman qol vurdu. Qələbə də onunla bitdi". Q.Qurbanov rəqibin üstün oynaması və Nərimanın xilaskarlığı barə suala bu cür cavab verib: " Rəqib 90 dəqiqədə qalib gəldi. Amma hər şey 10 nəfərlə qaldıqdan sonra başladı. Buna qədər oyun tam istədiyimiz kimi idi, üstünlük bizdə idi. Nərimana gəlincə, dünya futbolunda belə hallar olub. Hansısa oyunçu penaltini qaçırıb, ya penalti edib, sonda qələbə qolunu vurub. Futbol bu cür hallara görə çox sevilir. Hamımız səbrli olmalıyıq. Futbol elə oyundur ki, düşünmədiyimiz anlar, epizodlar olur. Sona kimi inanmaq və güvənmək lazımdır". Mütəxəssis milli komandanın hazırkı durumu və gələcəyi ilə əlaqədar verilən sualı bir neçə sözlə cavablayıb: " İnşallah, yaxşı olar. Allah xeyirlisini nəsib etsin". Mütəxəssis Elvin Cəfərquliyevin qırmızı vərəqə alması və Bəhlul Mustafazadənin rəqibin penalti qazanmasına səbəb olması haqda da danışıb: " Elvinə bilirsiniz nə dedim? Qucaqladım və dedim ki, oğulsan. Uduza bilərik, amma bu komandaya qarşı belə ürəklə oynamaq... Əgər futbolçum "Braqa"nın oyunçusundan çəkinmirsə, 50-60 metr irəli qaçırsa, geri qayıtmaqdan qorxmayıb, hücuma gedirsə, buna ürək lazımdır. Onların əziyyətinə, məsuliyyətinə və döyüşkənliyinə görə, həmin epizodlar üçün onları qınamaq düzgün olmaz. Bu gün meydanda bərk futbolçularım var idi. Bir gün Nəriman vurur, başqasının səhvini sığortalayır, başqa gün digəri vurur Nərimanın səhvini sığortalayır. Dünyada futbolu analiz etməyən biri yoxdur. Bu da futbolun sevilməsinə gətirib çıxarır. Deyim ki, Nəriman hansısa təzyiqi götürdü... Nərimanın qolu xalqımıza sevinc bəxş etdi". O, jurnalistin "Mətbuat konfransına daxil olanda sizi hamı alqışladı. Yarımfinal və finala çıxsanız, sizi necə təbrik edəcəyik? "Qarabağ"a qarşı "İnter"lə oyunda edilmiş haqsızlıqdan sonra "Dnepr" finala qədər irəliləmişdi. Sizcə, bu mövsüm ədalət bərqərar olar" sualını cavabsız qoymayıb: " Təki, yarımfinal, final olsun, mən sizi təbrik edərəm. Sizin hər birinizə böyük dəyər verirəm. Çox istəyərəm ki, bu cür qələbələr haqda daha geniş yazılarınız olsun. Hardasa, nəyisə itiririksə, ondan əl çəkməyib düzgün yanaşırıqsa, onun qarşılığı nə vaxtsa olmalıdır. Sadəcə öz işimizlə məşğul olmalıyıq. Nəticələr gələcək". Q.Qurbanov "Qarabağ"ın futbolçularına digər klubların marağının artacağı halda buna yalnız sevinəcəklərini vurğulayıb: " Təki olsun. Klub olaraq böyüməliyik. Belə şeylər olmasa, Avropa transfer bazarından uzaq olsaq, yerimizdə sayacağıq. Onlar olarsa, həvəsli olacağıq, hansısa oyunçunu satıb, transfer edə biləcəyik. Təbii ki, istəyərdim bu kollektiv qalsın. Amma bəzən bizdən asılı olmayan səbəblər var. Elə hallar olsa, demək işimiz çoxalacaq". Q.Qurbanov sonda köməkçisi Elçin Rəhmanovun qırmızı vərəqə ilə cəzalandırılmasına da toxunub: " Bu komandada Elçinin rolu danılmazdır. Mənim ən çox güvəndiyim, işimizi ən çox müzakirə etdiyimiz şəxsdir. Çox ağıllı, düşüncəli fikirləri var. Onun bu fikirləri komandaya fayda verir. O, qırmızı vərəqə alandan sonra bəzən çevrilirdim ki, nəsə deyim, görürdüm, Elçin yoxdur. Daha sonra uyğunlaşdım. O da bir zərbə idi. Amma komanda bacardı. Qarşıdakı oyunda Elçin yanımda olmayacaq. Amma yenə də ünsiyyətdə olacağıq".