Qurban Qurbanov Elvin barədə danışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mövsümün son turundan sonra həm transfer planları, həm də gələcəyi ilə bağlı maraqlı açıqlamalar verib.
90plus.az xəbər verir ki, “Sumqayıt” üzərində 4:3 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında danışan təcrübəli mütəxəssis geridə qalan mövsümü uğurlu qiymətləndirib. Qurbanov bildirib ki, həm daxili çempionatda, həm də avrokuboklarda komanda vacib təcrübə qazanıb:
“Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyimiz Azərbaycan futbolu üçün də uğur idi. Ümumilikdə komandamız üçün yaxşı mövsüm keçdi”.
Baş məşqçi yay transfer dönəminin aktiv keçəcəyini də gizlətməyib. O, heyətdə dəyişikliklərin olacağını və yaxın günlərdə rəsmi açıqlamaların veriləcəyini deyib:
“İşlər gedir. Yaxın günlərdə xəbərlər olacaq. Bununla bağlı məlumatlar rəsmi saytımızda paylaşılacaq”.
Qurban Qurbanov Elvin Cəfərquliyev və Ramil Şeydayevin gələcəyi barədə də danışıb. Onun sözlərinə görə, hər iki futbolçu ilə bağlı yekun qərar hələ verilməyib:
“Elvinin bizimlə müqaviləsi var. Təkliflərə açığıq. Razılıq əldə olunmasa, komandadakı vəziyyəti ilə bağlı sonra qərar veriləcək. Ramil barədə də yaxın günlərdə qərar qəbul olunacaq”.
Təcrübəli çalışdırıcı Zakaria Savonun transferində isə müsbət irəliləyiş olduğunu təsdiqləyib:
“Transfer məsələsində demək olar ki, hər şey müsbət istiqamətdə gedir. Hazırda həll mərhələsindədir”.
Türkiyə mətbuatında adı “Beşiktaş”la hallanan Qurbanov bu barədə yayılan xəbərlərə də münasibət bildirib:
“Belə böyük klubla adımızın yanaşı çəkilməsi xoşdur. Amma mənim “Qarabağ”la müqaviləm var”.
Qurbanov yeni mövsümdə Avropa Liqasında da iddialı olacaqlarını vurğulayıb:
“Avropa Liqasına ciddi hazırlaşacağıq. Məqsədimiz bacardığımız ən yaxşı nəticəni əldə etməkdir”.
© Copyright 2026, All Rights Reserved