Qurban Qurbanov- Elvin və Abbas qalmaqalında pərdəarxası səbəblər üzə çıxıb
“Qarabağ”da Elvin Cəfərquliyev məsələsinin pərdəarxası detalları üzə çıxıb.
90plus.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun futbolçunu satışa çıxarması ilə bağlı yeni iddialar yayılıb. Məlumatı jurnalist Vüsal Hacı paylaşıb.
İddiaya görə, hadisə komandanın oyunlara hazırlaşdığı dövrdə baş verib. Elvin Cəfərquliyev komanda yoldaşı Abbas Hüseynov və bir neçə xanımla birlikdə paytaxt restoranlarından birində əylənib. Gecə saatlarında futbolçuların yüksək səs-küy yaratdığı, bu səbəbdən məkan rəhbərliyinin vəziyyəti klub rəhbərliyinə çatdırdığı bildirilir.
Məlumata əsasən, Qurban Qurbanov özü hadisə yerinə getməsə də, ora nümayəndələrini göndərib. Onlar futbolçularla söhbət aparmaq istəsələr də, tərəflər arasında gərginlik yaranıb və insident daha da böyüyüb. Şahidlərin iddiasına görə, nəticədə hər iki futbolçu məcburi şəkildə oradan uzaqlaşdırılaraq məşqçinin yanına aparılıb.
Hadisənin əsas narazılıq doğuran məqamı isə təkcə intizam pozuntusu olmayıb. Bildirilir ki, Abbas Hüseynov Qurbanovun ailə üzvləri ilə qohumluq əlaqələrinə malikdir (qardaşının kürəkənidir) və onun bu cür vəziyyətdə görüntülənməsi baş məşqçi tərəfindən sərt şəkildə qarşılanıb. Xüsusilə də Cəfərquliyevin yaxın dostunu bu mühitə cəlb etməsi vəziyyəti daha da gərginləşdirib.
Nəticədə Qurban Qurbanovun hər iki futbolçuya münasibətinin kəskin dəyişdiyi, xüsusilə Elvin Cəfərquliyevin komandadan göndərilməsinin artıq qərarlaşdırıldığı qeyd olunur.
Hazırda müdafiəçinin “Neftçi”yə keçə biləcəyi, Abbas Hüseynovun isə karyerasını başqa klubda davam etdirməsinin gündəmdə olduğu bildirilir.
© Copyright 2026, All Rights Reserved