Qurban Qurbanov: “Onların sevincli getmələri bizə daha böyük ruh yüksəkliyi verdi”
“Futbolçularım bu gün qələbəni çox istəyirdilər. Bundan bir az narahat idim”. 90plus.az - ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşün ardından komandasının çıxışını dəyərləndirib: “Futbolçulrıma təşəkkür edirəm ki, intizamlı oyun ortaya qoydular. Çox vacib qalibiyyət əldə etdik. Sona kimi tempdən düşmədilər. Möhtəşəm azarkeşlərimiz bizdən qələbə gözləyirdilər. Onların sevincli getmələri bizə daha böyük ruh yüksəkliyi verdi”. O, intizamlı oyun sərgilədiklərini vurğulayıb: “Bu oyun bizi aldatmalı deyil. Dəfələrlə olub ki, hansısa komanda avrokuboklardakı ilk oyundakı qələbədən sonra ikinci görüşdə uduzub. Bu gün vacib olan icraçılar idi. Futbolçulara məqamları tam çatdırsan da, bəzən tam icra etməyə bilirlər. Bu gün oyun intizamı sona qədər qopmadı. Əminəm ki, dünənki zəfərin bugünkü oyunumuza müsbət təsiri oldu. Çox sevincli, rahat idilər. Qalib gəlsək də, səfərdəki matçda rəqib bizə böyük sürpriz edə bilər. Hər şeyə hazırlıqlı olmalıyıq. Qarşıdakı matçlarda daha keyfiyyətli çıxış etməyə çalışacağıq”. Baş məşqçi qapıçı Andrey Lunyovun çıxışına da münasibət bildirib: “Təcrübəli qapıçıdır. Belə atmosferdə çox çıxış edib. Lunyovun təcrübəsi bu cür qarşılaşmalarda bizə kömək edə bilər. Bir az narahatlığım var idi. Uzun illər idi az oynamışdı. Luka Quqeşaşvili də çox yaxşı formada idi. Amma Lunyovu oynatmağı qərara aldıq. O da təcrübəsindən yaxşı faydalandı”. Qurban Qurbanov “23-lüy”ə salınmayan Redon Cicanın yoxluğu və start heyətində yer alan Maksim Medvedevin çıxışı barədə də fikir bildirib: “Cica dünənki məşqdə zədələndi, ayağında problem oldu. Halbuki bu gün sanki ona ehtiyac var idi. Maksim Medvedev isə öz təcrübəsindən istifadə etdi və yaxşı oynadı”. O, qol epizodlarının çox olduğunu söyləyib: “Qol epizodlarımız çox oldu. Bu turnirdə vurulan və buraxılan hər qolun sonda təsiri ola bilər. Vacib olan 3 xal qazanmaq idi. Neçə qol vurmağa yox, qələbəyə hazırlaşmışdıq”. Baş məşqçi zədəli Marko Veşoviçin durumuna da aydınlıq gətirib: “Veşoviç hələ komandaya qoşulmayıb, fərdi qaydada məşq edir. Bəlkə 20 gün və ya bir aya yaşıl meydanlara qayıda bilər”.