Qvardiola Klubların Dünya çempionatına qürurla gedir
“Mançester Siti” klubunun ispan baş məşqçisi Pep Qvardiola 15 iyun – 13 iyul tarixlərində ABŞ-da keçiriləcək 2025 FIFA Klub Dünya Çempionatında iştirak edəcəkləri üçün həyəcanlı olduğunu bildirib.
90plus.az xəbər verir ki, FIFA-nın rəsmi saytına verdiyi müsahibədə Qvardiola bu turnirdə çıxış etməyi böyük şərəf kimi qiymətləndirib:
“FIFA Klubların Dünya Çempionatında oynamaq bizim üçün bir qürurdur. Bu, son mövsümlərdə Çempionlar Liqası və Premyer Liqada yaxşı nəticələr əldə etdiyimizi göstərir. Bu bizim üçün yeni bir turnirdir və onu səbirsizliklə gözləyirəm. Kuboku qazanmaq gözəl olar, bunu inkar edə bilmərik. Amma bizim kimi 31 komanda da eyni məqsədlə orada olacaq. Mən adətən bir turnirə başlayarkən – məsələn, Premyer Liqaya – 'qazanmalıyıq' düşüncəsi ilə başlamaq istəmirəm. Hər şeyi addım-addım düşünmək lazımdır.”
Təcrübəli çalışdırıcı son illərdə “Mançester Siti”nin qlobal azarkeş kütləsinin artdığını da vurğulayıb:
“Bəzən Asiyada, bəzən də ABŞ-da mövsümöncəsi oyunlarımız olur. Tribunada çox sayda mavi forma görürük. İnsanların bizi izləməkdən zövq aldıqlarını düşünürəm. Futbolçularımızdan imza və foto istəyirlər. Bu, bizə böyük qürur verir.”
Qvardiola həmçinin məşqçilik fəlsəfəsinin formalaşmasında Yohan Kroyfun böyük rol oynadığını qeyd edib:
“Karyeram boyunca çalışdığım məşqçilər məni müsbət mənada təsirləndirib. Xüsusilə də Yohan Kroyf – o, mənim zehni dünyamı açdı və necə bir oyun oynamaq istədiyimi təsəvvür etməyə kömək etdi. Əgər futbolçu olaraq Kroyfun təsiri olmasaydı, bəlkə də məşqçi olmağım çətin olardı.”
© Copyright 2026, All Rights Reserved