Robert Levandovski “Man Yunayted”ə keçmək istəyib
36 yaşlı Robert Levandovski “Barselona”dakı dördüncü mövsümünə hazırlaşarkən bir etiraf edib: karyerasında onu “Barsa” əvəzinə “Mançester Yunayted”in qırmızı forması gözləyirmiş.
90plus.az xəbər verir ki, BBC-yə verdiyi səmimi müsahibədə polyak hücumçu 2012-ci ildə “Borussiya” (Dortmund) ilə ikinci mövsümündən sonra Premyer Liqa nəhənginə keçməyə çox yaxın olduğunu etiraf edib. Ancaq alman klubunun onu buraxmaq istəməməsi transferin qarşısını alıb.
“Mən ‘Blekbern’ə getmək istəyirdim, amma hələ o zaman qərar verməmişdim. Amma ‘Mançester Yunayted’ üçün qərar vermişdim və ‘bəli’ demişdim.
‘Mançester Yunayted’ə keçmək, Ser Aleks Ferqyusonu görmək istəyirdim… Amma həmin vaxt, Dortmunddakı ikinci ilimdə, məni sata bilməzdilər, çünki bilirdilər ki, əgər bir az da qalsam, daha çox pul qazana biləcəklər.
Bəlkə də bir və ya iki il gözləyə bilərdim” – deyə Levandovski bildirib.
Onun sözlərinə görə, “Borussiya” dərhal satışdan çox, gələcəkdə daha yüksək məbləğə transfer etməyi üstün tutub.
Keçmişə baxdıqda, Levandovski heç bir peşmanlıq duymadığını deyib: “Mənim Premyer Liqada oynamadığım üçün ‘nəsə əldən verdim’ hissim yoxdur” – deyə o BBC-yə bildirib və vurğulayıb ki, Dortmund, “Bayern” və indi “Barselona”dakı bütün seçimləri öz istəyi ilə edib: “Mən bunları ona görə etdim ki, özüm istədim, kiminsə istədiyinə görə yox.”
Levandovski 2014-cü ilə qədər “Borussiya”da qaldı, sonra “Bayern”ə keçərək səkkiz mövsüm ərzində saysız qollar vurdu. Onun 2022-ci ilin yayında “Barselona”ya keçidi isə karyerasında yeni səhifə açdı.
© Copyright 2026, All Rights Reserved