Saşa İliç: “Yaxşı təəssüratlarla ayrılacağam”
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç mövsümün son turundan sonra gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
90plus.az xəbər verir ki, “Qarabağ”a qarşı keçirilən və 3:4 hesabı ilə başa çatan qarşılaşmadan sonra mətbuat konfransında danışan serbiyalı mütəxəssis komandada dəyişikliklərin vacibliyini vurğulayıb. İliç bildirib ki, mövcud heyətin potensialı olsa da, daha ciddi hədəflər üçün keyfiyyət artmalıdır:
“Komandada müəyyən dəyişikliklərə ehtiyac var. Futbolçuların pis olduğunu demirəm, amma reallıq budur ki, səviyyəli kollektiv qurmaq istəyiriksə, səhvləri minimuma endirməliyik”.
Baş məşqçi “Sumqayıt”dakı gələcəyi ilə bağlı da açıq danışıb. O, müqaviləsinin başa çatdığını təsdiqləsə də, klub rəhbərliyi ilə görüş keçirəcəyini söyləyib:
“Buranın insanları çox gözəldir. Ayrılsam belə, yaxşı təəssüratlarla ayrılacağam. Müqaviləm bitir, amma rəhbərliklə danışığımız olacaq”.
Saşa İliç mövsümün gedişində komandanın çox xal itirdiyini də etiraf edib. Onun sözlərinə görə, bəzi oyunlarda “Sumqayıt” daha yaxşı təsir bağışlasa da, nəticə qazanmaq mümkün olmayıb.
Serbiyalı çalışdırıcı büdcə və planlama məsələlərinin həll olunacağı təqdirdə klubun avrokuboklar uğrunda mübarizə apara biləcəyini də qeyd edib:
“Komandanın kifayət qədər potensialı var. Bəzi məsələlər həll olunsa, “Sumqayıt” avrokuboklara vəsiqə qazana bilər”.
© Copyright 2026, All Rights Reserved