UEFA ölkə çempionatlarını xaricə daşımaq ideyasını təxirə saldı
UEFA İspaniya La Liqası və İtaliya A Seriyasının müraciətlərindən sonra, Avropadan kənarda yerli liqa oyunlarının keçirilib-keçirilməyəcəyi ilə bağlı qərarı müvəqqəti olaraq təxirə salıb. Bu barədə “The Athletic” məlumat yayıb.
90plus.az xəbər verir ki, La Liqa dekabrda baş tutacaq “Vilyarreal” – “Barselona” görüşünü ABŞ-ın Mayami şəhərində keçirməyə çalışır. A Seriyası isə fevral ayında nəzərdə tutulan “Milan” – “Komo” oyununu Avstraliyanın Pert şəhərinə aparmaq ideyasını araşdırır. İndiyə qədər heç bir Avropa ölkəsində yerli liqaların rəsmi oyunu qitə xaricində baş tutmayıb.
UEFA bildirib ki, yekun qərar verilənədək azarkeşlər də daxil olmaqla bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınacaq. Azarkeşləri təmsil edən Football Supporters Europe (FSE) təşkilatı bu addımı müsbət qarşılayıb və bunu “Avropa futbolunun bütövlüyünün qorunması” və fanatlar icmasının müdafiəsi kimi dəyərləndirib.
Buna baxmayaraq, La Liqa “Vilyarreal” – “Barselona” oyununu ABŞ-da keçirməyə ümidli qalır. İspaniya Futbol Federasiyası artıq qarşılaşmanın Mayamidəki “Hard Rock Stadium”da təşkilinə ilkin razılıq verib, lakin hələ də UEFA və FIFA-nın yekun təsdiqi tələb olunur.
UEFA prezidenti Aleksander Çeferin daha əvvəl liqa oyunlarının xaricdə keçirilməsinə qarşı çıxaraq, futbolun Avropada qalmasının və azarkeşlərin komandalarını şəxsən dəstəkləyə bilməsinin vacibliyini vurğulamışdı. Bu arada Almaniya Bundesliqası öz qarşılaşmalarını Almaniya xaricində keçirməyi tamamilə istisna edib.
© Copyright 2026, All Rights Reserved