Xabi Alonso: “Bəhanə etmirəm, hava çox isti idi”
“Real Madrid”in baş məşqçisi Xabi Alonso “Əl-Hilal”la qarşılaşmadan (1-1) sonra komandasının oyunda ritm tapa bilməməsinin əsas səbəbi kimi hava şəraitini və meydançanın vəziyyətini göstərib.
90plus.az xəbər verir ki, "Real"ın baş məşqçisi kimi debüt edən Alonso dünya çempionatının oyunundan sonra keçirdiyi mətbuat konfransında bildirib:
“Bu gün axşam əziyyət çəkdik. Amma bu normaldır, biz əziyyət çəkməliyik. Əziyyət birləşdirir. Bu mövsüm çox əziyyət çəkəcəyik. Komandayla çox vaxt keçirməmişəm. Hər oyunda öyrənməliyik ki, nələri inkişaf etdirə bilərik. Hər matç bizə dərs olacaq.”
“Vinisius istidən və meydançanın vəziyyətindən əzələ spazmı keçirdi,” – deyə Alonso DAZN-ə açıqlamasında bildirib.
“Vinisius 70-ci dəqiqədə spazm keçirdi. Oyun çox gərgin keçdi. “Əl-Hilal” futbolçuları da oyunun sonunda tükəndilər. Amma biz son dəqiqələri daha yaxşı keçirdik.”
“İkinci hissədə daha yaxşı oynadıq. Daha çox epizod yaratdıq, oyuna nəzarət etdik. Daha təhlükəli hücumlar qurduq və oyunu daha yaxşı idarə etdik. Əlbəttə, əsas məqsəd bir şeyləri qurmağa başlamaq olacaq.”
“Raul Asensio antibiotik qəbul edirdi, ona görə də dəyişdirməyə məcbur olduq,” – deyə Alonso əlavə edib.
Komandanın nəyi dəyişməsi ilə bağlı isə Alonso belə deyib:
“Boşluqlara hücum bacarığı və top itirdikdən sonra irəliləmək. İlk hissədə daha çox əziyyət çəkdik. Bunu bəhanə kimi demirəm, amma hava çox isti idi.”
Baş məşqçidən Kilian Mbappenin növbəti oyunda iştirak edib-etməyəcəyi barədə soruşulub. Son günlər özünü yaxşı hiss etməyən hücumçu bir neçə məşqi buraxıb.
“Bilmirik,” – deyə Xabi Alonso cavab verib. “Onun bərpasının necə gedəcəyini görməliyik. Son günlər məşqlərə qoşula bilməyib. Virus səbəbilə vəziyyəti yaxşı deyildi, ona görə də vəziyyətini izləməliyik.”
Alonsodan 17 yaşlı Franko Mastantuono barədə və bu yaşda bir futbolçunun “Real Madrid” kimi klubda daim oynayıb-oynaya bilməyəcəyi haqda da sual verilib.
“Zaman göstərəcək. Amma əlbəttə, o, start heyətində də oynaya bilər, sonradan da meydana daxil ola bilər,” – deyə Xabi Alonso bildirib. “Planımız ondan ilk gündən faydalanmaqdır. Onunla bağlı böyük gözləntilərimiz var.”
“O, avqustda komandaya qoşulacaq və vəziyyət bir qədər daha aydın olacaq. Amma biz çox məmnunuq.”