Xetaq Qazyumov çempionluq hisslərini bölüşda
Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında möhtəşəm çıxış edən sərbəst güləş üzrə Azərbaycan millisi vətənə dönüb.
Komanda hesabında qitənin ən güclüsü olan yığmamız 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq böyük uğura imza atıb.
90plus.az xəbər verir ki, çempion komanda Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli şəkildə qarşılanıb. Qarşılanma mərasimində idmançılar, məşqçilər və federasiya nümayəndələri iştirak ediblər.
Yığmanın baş məşqçisi Xetaq Qazyumov komandanın çıxışını yüksək qiymətləndirib və əldə olunan nəticənin böyük zəhmətin bəhrəsi olduğunu vurğulayıb:
“Komanda hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Çempionluğumuz komanda olaraq birgə işləməyimizin nəticəsidir. Bizə daim və qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və bizim üçün həyəcan keçirən hər kəsə öz minnətdarlığımı bildirirəm.
Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik. Hər birinin əməyi və zəhməti böyükdür. İndi bir az istirahət edəcəyik. Ondan sonra isə dünya çempionatının hazırlığına start verəcəyik. Növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.
© Copyright 2026, All Rights Reserved