811 gün sonra meydana çıxan Pol Poqba səcdəyə getdi
Pol Poqba dopinq cəzasından 811 gün sonra Liqa 1-də “Monako” ilə debüt etdi.
90plus.az xəbər verir ki, keçmiş “Yuventus” və Fransa millisinin ulduz yarımmüdafiəçisi iki ildən çox davam edən dopinq cəzasından sonra futbola qayıdaraq “Monako” forması ilə emosional debütünü “rahatlıq və minnətdarlıq anı” kimi təsvir edib.
“Yuventus” və “Mançester Yunayted”in sabiq futbolçusu olan Poqba, Liqa 1 klubuna iyun ayında azad agent kimi qoşulsa da, 2023-cü ilin sentyabrından bəri rəsmî matçda iştirak etmirdi.
Poqba 2024-cü ilin fevralında testosteron səviyyəsini artıran qadağan olunmuş DHEA maddəsi üçün götürülən testinin müsbət çıxmasına görə 4 illik cəza almışdı. Lakin İdman Arbitraj Məhkəməsinə edilən apellyasiyadan sonra cəza 18 aya endirildi.
32 yaşlı futbolçu ötən ay sağ topuq zədəsi səbəbindən qayıdışını ertələmək məcburiyyətində qalmışdı. O, “Ren” ilə səfərdə 1:4 hesabı ilə uduzduqları görüşün 85-ci dəqiqəsində meydana daxil olub və tribunalardan alqışlarla qarşılanıb.
“Azarkeşlərin ayağa qalxıb məni alqışlamasını heç vaxt təsəvvür etməzdim”, – deyə Poqba jurnalistlərə bildirib. – “Yenidən futbol oynamaq — dünyada ən çox sevdiyim şeyi etmək — məni çox rahatladır.
“Amma tam hazır vəziyyətə qayıtmaq və 90 dəqiqə oynaya bilmək üçün hələ iş görməm lazımdır… Əgər “Monako”da yaxşı çıxış etməsəm, Fransa millisi barədə düşünə bilmərəm.
“Mən özümə və keyfiyyətlərimə inanıram. Heç bir səhv etmədiyimi və bunun mənim günahım olmadığını bildiyim üçün ümidimi heç vaxt itirmədim”.”
811 gün sonra meydana qayıdan Pol Poqba oyuna daxil olar-olmaz səcdəyə gedib.
ℹ️ Poqba Fransa millisinin heyətində 91 oyun keçirib və komandanın 2018-ci il FIFA Dünya Kubokunun qazanılmasında əsas fiqurlardan biri olub. Diz və əzələ (arxa bud) zədələri, həmçinin keçirdiyi diz əməliyyatı ona 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda iştirak etməyə imkan verməmişdi.