Ançelotti: “Neymar meydanın istənilən yerində oynaya bilər”
Karlo Ançelotti Braziliyanın bu gün 2026 Dünya Çempionatına vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, “Seleçao”nun seçmə mərhələdə Paraqvayı 1:0 hesabı ilə məğlub etməsindən sonra italiyalı mütəxəssis bunları deyib:
“Düşünürəm ki, yaxşı oyun göstərdik, xüsusilə birinci hissə çox yaxşı alındı. Topa nəzarət bizdə idi, baxmayaraq ki, hər zaman hücumları zərbə ilə tamamlamadıq. İkinci hissədə bir qədər tempimiz aşağı düşdü, amma ümumilikdə möhkəm oyun sərgilədik və bundan çox məmnunuq.
Bir il vaxtımız qalıb 2026 Dünya Çempionatına, buna görə də işləməyə davam etməliyik. Son iki oyunda da yaxşı futbol göstərmək vacibdir. Azarkeşlər məmnundurlar. Onlara isti qarşılanma üçün təşəkkür etmək istəyirəm. Biz də sevincliyik, amma indi gələcəyi düşünməliyik,” – deyə Braziliya yığmasının baş məşqçisi bildirib.
Karlo Ançelotti zədələnmiş ulduzlar – Rodriqo və Neymarla bağlı aydın mesaj da verib: milli komandanın qapıları onların üzünə açıqdır.
Braziliya millisinin baş məşqçisi bildirib ki, turnir üçün təxminən 70 braziliyalı futbolçudan ibarət ilkin siyahı hazırlayır.
Hazırda zədə səbəbilə meydanlardan kənarda olan Neymar komandaya sürpriz ziyarət edib və komandanın yerləşdiyi oteldə Ançelotti tərəfindən isti qarşılanıb.
“Neymar bu gün otelə gəldi, onu qarşıladıq, qucaqladıq,” – deyə Ançelotti bildirib. “O harada oynaya bilər? Neymar meydanın istənilən yerində oynaya bilər.”
Ançelotti qarşıdakı aylarda Braziliyadan, Avropadan və Səudiyyə Ərəbistanından olan futbolçuları qiymətləndirməyi planlaşdırır:
“Onları dəyərləndirəcəyik,” – deyə o bildirib. “Bu 70 futbolçunun hamısı Dünya Çempionatına gedə bilər.”
Ançelottinin bu yanaşması onun yalnız hazırda əsas heyətdə olanlara deyil, daha geniş oyunçu qrupuna şans verməyə hazır olduğunu göstərir.
Bu isə Rodriqo, Neymar və digər zədələnmiş futbolçular üçün Dünya Çempionatında iştirak ümidi deməkdir.