Ayxan Abbasov: “Rəqabət qat-qat sərt keçdi”
Ayxan Abbasov “Şamaxı” ilə vidalaşdı: “Bu işi davam etdirəcək yeni məşqçi gələcək”.
90plus.az xəbər verir ki, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 33-cü turunda “Qəbələ”yə 1:3 hesabı ilə uduzduqları qarşılaşmadan sonra həm mövsümü dəyərləndirib, həm də gələcəyi ilə bağlı vacib açıqlama verib.
Mütəxəssis bildirib ki, komanda mövsüm ərzində qarşıya qoyulan əsas məqsədləri yerinə yetirib və daha çətin rəqabət şəraitində inkişaf etməyi bacarıb.
Abbasovun sözlərinə görə, 12 komandalı çempionatda mübarizə ötən illərlə müqayisədə daha ağır keçib:
“Çempionat bitdi. Komandama təşəkkür edirəm, həqiqətən də ağır mövsüm oldu. Əsas hədəfimiz ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etmək idi və düşünürəm ki, bunu bacardıq”.
Baş məşqçi qeyd edib ki, həm kubokda, həm də çempionatda komanda müəyyən irəliləyiş nümayiş etdirib:
“Ötən mövsüm Premyer Liqada 10 komanda var idi, bu dəfə isə 12 komanda arasında rəqabət qat-qat sərt keçdi. Bununla yanaşı, kubokda da irəliləyə bildik”.
Abbasov xüsusilə gənc futbolçuların inkişafından məmnun qaldığını bildirib. O, legionerlərin komandaya uyğunlaşmasının da müsbət təsir yaratdığını vurğulayıb:
“İstər gənc futbolçuların inkişafı, istərsə də legionerlərin komandaya uyğunlaşması baxımından komandamız xeyli irəlilədi. Əsas məqsədimiz də məhz bu idi”.
Təcrübəli çalışdırıcı mövsüm ərzində göstərilən dəstəyə görə klub rəhbərliyinə və komandaya təşəkkür edib:
“Klub rəhbərliyinə, futbolçulara və məşqçi heyətinə təşəkkür edirəm”.
Ayxan Abbasov açıqlamasında “Qəbələ”yə də uğurlar arzulayıb. O, rəqib komandanın qarşıdakı pley-off oyununda uğurlu nəticə qazanacağına inandığını deyib:
“Qəbələ”yə uğurlar arzulayıram. Onları qarşıda çox vacib və çətin pley-off oyunu gözləyir. Ümid edirəm ki, layiqli qələbə qazanacaqlar”.
Mütəxəssisin ən diqqətçəkən açıqlaması isə gələcəyi ilə bağlı olub. Abbasov “Şamaxı”dan ayrıldığını dolayısı ilə təsdiqləyərək klubun yeni baş məşqçi ilə yoluna davam edəcəyini bildirib:
“İnanıram ki, “Şamaxı” rəhbərliyi ən doğru qərarı verəcək və bu işi davam etdirəcək yeni məşqçi ilə anlaşacaq. Komanda növbəti mövsümdə daha da yaxşı olmağa çalışacaq”.
Beləliklə, Ayxan Abbasovun “Şamaxı”dakı dönəmi başa çatmağa çox yaxın görünür. Onun komandadakı gələcəyi ilə bağlı rəsmi qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.