“Barsa” El Klassikoya xüsusi formada çıxacaq
"Barselona" El Klasiko üçün xüsusi forma təqdim etdi - Olivia Rodriqonun loqosu ön planda!
90plus.az xəbər verir ki, "Barselona" qarşıdan gələn El-Klasiko oyunu üçün xüsusi dizaynlı formasını rəsmi şəkildə təqdim edib.
Kataloniya klubu bu dəfə formasının ön hissəsində əsas sponsor olan Spotify loqosunu Olivia Rodriqonun şəxsi brendi ilə əvəz edəcək. Xüsusi buraxılış forma mayın 10-da "Real Madrid"ə qarşı keçiriləcək prinsipial qarşılaşmada geyiniləcək.
Bu əməkdaşlıq “Barselona” ilə Spotify arasında davam edən tərəfdaşlığın bir hissəsidir və klub böyük oyunlar öncəsi dünya ulduzlarını ön plana çıxarmağa davam edir.
Ulduzların izi ilə
Olivia Rodriqo bu layihədə iştirak edən növbəti məşhur sima olub. Bundan əvvəl “Barselona”nın formasında Drake (2022), Rosalía (2023), The Rolling Stones (2023), Karol G (2024) və Coldplay (2024) kimi məşhurların loqoları yer almışdı.
Xüsusi forma və konsert planı
Məlumata görə, xüsusi dizayn ilk olaraq “Barselona”nın qadın komandası tərəfindən geyiniləcək, daha sonra isə əsas heyət “El Klasiko”da bu forma ilə meydana çıxacaq.
Rodriqo özü də bu əməkdaşlıqdan böyük həyəcan keçirdiyini bildirib:
“‘El Klasiko’da ‘Barselona’ formasında öz loqomu görmək inanılmazdır. Bu layihə üzərində işləmək çox əyləncəli idi.”
Bundan əlavə, amerikalı pop ulduz mayın 8-də Barselona şəhərində xüsusi konsert proqramı ilə çıxış edəcək. Bu tədbir yalnız onun fanatları – “Livies” üçün təşkil olunacaq və dəvətlər Spotify üzərindən seçiləcək.
El Klassiko 10 may saat 23:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved