Bas Dost futbolu buraxdı: “Həyatımı riskə atmaq istəmirəm”
Hollandiyalı hücumçu Bas Dost futbolçu karyerasına son qoyduğunu açıqlayıb.
90plus.az xəbər verir ki, 36 yaşlı təcrübəli forvard qərarını bu sözlərlə əsaslandırıb: “Həyatımı riskə atmaq istəmirəm.”
Qolçu xüsusiyyətləri ilə tanınan Bas Dost karyerası ərzində "Volfqsburq", "Sportinq" (Lissabon), "Ayntraxt Frankfurt" və "Brügge" kimi Avropa klublarında forma geyinib. O, son olaraq 2 il əvvəl "NEC Neymeyxen" klubunun heyətində çıxış edərkən "AZ Alkmaar" ilə keçirilən matçda ürək tutması (infarkt) keçirmişdi.
Hadisədən sonra 2 həftə xəstəxanada müalicə alan futbolçuya ürək əzələsində iltihab diaqnozu qoyulmuş və bu səbəbdən futboldan müvəqqəti ayrılmışdı.
Əvvəlcə 2024/25 mövsümündə meydana qayıtmağı planlaşdıran Bas Dost, ötən ilin aprel ayında səhhətində yaxşılaşma olsa da, cəmi iki ay sonra həkimlərdən mənfi xəbər alıb. Hollandiya mətbuatına – Algemeen Dagblad nəşrinə verdiyi açıqlamada o, belə deyib:
“İyun ayında kardioloqdan bir zəng aldım. Bir məşq zamanı ‘nəsə’ aşkarlanmışdı. Həmin an hər şeyi dəyişdirdi. Düşündüm ki, mən bunu istəmirəm. Heç kim həyatı ilə qumar oynamaq istəməz. İki həftə düşündüm və sonra qərarımı verdim.”
Beləliklə, hollandiyalı hücumçu sağlamlıq səbəbilə futbola birdəfəlik vida etdi.
© Copyright 2026, All Rights Reserved