Braziliyada Felipe Meloya hücum olundu - FOTOLAR
“Korintians” Braziliya Super Kubokunun qalibi oldu.
90plus.az xəbər verir ki, Braziliya Super Kubokunun final matçında “Korintians” və “Flamenqo” komandaları üz-üzə gəlib. Mane Qarrinça stadionunda keçirilən qarşılaşmada “Korintians” 2:0 hesablı qələbə qazanaraq kuboka sahib çıxıb.
Matçın 26-cı dəqiqəsində Qabriel Paulista hesabı açaraq komandasını önə keçirib. Qarşılaşmanın 45-ci dəqiqəsində “Flamenqo”nun futbolçusu Karraskal qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Oyunun sonlarında, 90+7-ci dəqiqədə Yuri Alberto fərqi iki topa çatdırıb və “Korintians”ın çempionluğunu rəsmiləşdirib.
Final matçı zamanı tribunada yaşanan hadisə isə diqqət mərkəzinə düşüb. Keçən il futbolçu karyerasını başa vuran və oyunu tribunadan izləyən, vaxtilə “Flamenqo” formasını geyinmiş Felipe Melo “Korintians” azarkeşlərinin aqressiv davranışı ilə üzləşib. Azarkeşlərlə Melo arasında sözlü mübahisə yaranıb, gərgin anlarda bir azarkeş futbolçunun köynəyini çəkib. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsi ilə insident böyümədən yatırılıb.
Oyundan sonra emosiyalarını gizlədə bilməyən Qabriel Paulista göz yaşları içində danışıb:
“Bu formanı geyinməyi həmişə xəyal etmişəm. Avropada uzun illər oynasam da, bu arzu heç vaxt bitməyib. Ailəmə yaxın olmaq və “Korintians” forması ilə meydana çıxmaq mənim üçün çox özəldir. Oynadığım bütün klublara minnətdaram, amma bura mənim üçün tamam başqadır. Finalda ilk qolu vurmaq və komandama kubok qazandırmaq… Açığı, bu gecə yata biləcəyimi düşünmürəm.”
© Copyright 2026, All Rights Reserved