Dambrauskas Xəyal Əliyevdən danışdı
Misli Premyer Liqasının 29-cu turunda “Sabah” doğma meydanda “Karvan-Yevlax” üzərində 2:0 hesablı qələbə qazansa da, komandanın baş məşqçisi Valdas Dambrauskas oyundan tam razı qalmayıb. Litvalı mütəxəssis matçdan sonra çıxışında həm komandanın fiziki durumu, həm də oyunun keyfiyyəti ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, litvalı baş məşqçi qarşılaşmanın gözlənildiyi kimi ağır keçdiyini bildirib:
“Bizim üçün çox çətin və ağır oyun alındı. Bu, gözlənilən idi, çünki ‘Qarabağ’a qarşı iki vacib və gərgin matç keçirmişdik”.
Onun sözlərinə görə, əvvəlki oyunlarda sərf olunan enerji komandanın performansına təsirsiz ötüşməyib:
“Həmin görüşlərdə çox enerji itirdiyimiz üçün bu gün öz səviyyəmizdən aşağı çıxış etdik”.
Dambrauskas xüsusilə ilk hissədəki oyundan narazı qaldığını gizlətməyib, lakin fasilədən sonra komandanın reaksiyasını yüksək qiymətləndirib:
“Birinci hissədə istədiyimizdən zəif oynasaq da, ikinci hissədə daha çox qol fürsətlərimiz oldu”.
O, fasilədən sonra meydandakı mənzərənin dəyişdiyini qeyd edib:
“Fasilədən sonra meydana daha enerjili daxil olduq və qələbəni daha çox istəyən tərəf biz idik”.
Təcrübəli mütəxəssis oyunun müəyyən hissəsində hər iki komandanın azlıqda qalmasının taktikaya təsir etdiyini də vurğulayıb:
“Meydanda hər iki komanda 10 nəfərlə qalanda topa daha çox nəzarət etməyə çalışdıq”.
Rəqibin oyun planına da toxunan baş məşqçi onların risk etmədiyini bildirib:
“Rəqibin risk edəcəyini gözləsəm də, onlar buna getmədilər və yenə 5-4 sisteminə sadiq qalaraq hücumçusuz çıxış etdilər”.
Dambrauskas azarkeşlər üçün baxımlı oyun alınmadığını etiraf etsə də, nəticənin daha önəmli olduğunu qeyd edib:
“Düzdür, azarkeşlər üçün o qədər də baxımlı oyun alınmadı, lakin hər matçı eyni yüksək tempdə keçirə bilmərik. Ən önəmlisi odur ki, 3 xal qazandıq və yolumuza davam edirik”.
Baş məşqçi artıq növbəti qarşılaşmaya fokuslandıqlarını da əlavə edib:
“İndi qısa müddətdə bərpa olunub ‘Şamaxı’ ilə oyuna köklənməliyik”.
Mətbuat konfransında hücumçu Xəyal Əliyevin az şans qazanması da gündəmə gəlib. Dambrauskas bunu komandadakı rəqabətlə əlaqələndirib:
“Komandada ciddi rəqabət var. Çox yaxşı heyətə və hücumda güclü oyunçulara sahibik. Əgər qələbə qazanırsansa, hücum xəttini dəyişmək çətin olur”.
O, futbolçunun potensialını yüksək qiymətləndirdiyini də bildirib:
“Xəyal bu mövsüm bizə çox fayda verib. Xüsusilə də Mikelsin yoxluğunda çox inamlı çıxış etdi”.
Baş məşqçi oyunçuya mesaj göndərməyi də unutmayıb:
“O, əsas hücumçuya çevrilmək üçün öz üzərində daha çox işləməli və dayanmadan çalışmalıdır”.
Sonda Dambrauskas futbolçunun peşəkar keyfiyyətlərini xüsusi vurğulayıb:
“Onun davranışı, işinə yanaşması və döyüşkənlik ruhu mənim çox xoşuma gəlir”.
“Sabah” qələbə sayəsində turnir cədvəlində mövqeyini möhkəmləndirsə də, komanda qarşıdakı turlarda daha stabil və baxımlı oyun nümayiş etdirməyə çalışacaq.
© Copyright 2026, All Rights Reserved