Donnarummanın qəlbi Parisdə qalıb
Canluici Donnarumma yayda “Paris Sen-Jermen”dən “Mançester Siti”yə keçdikdən sonra, keçmiş klubuna vida anlarını emosional şəkildə xatırlayıb.
90plus.az xəbər verir ki, “L’Equipe”ə danışan italiyalı qapıçı ötən mövsüm Çempionlar Liqasındakı tarixi qələbədən sonrakı anları belə təsvir edib:
“Qucaqlaşmalar, öpüşlər oldu, bu məni çox duyğulandırdı. Mənə təşəkkür etdilər. Çox gözəl bir an idi.”
PSJ-nin tarixində ilk dəfə Çempionlar Liqasını qazanmasında həlledici rol oynamış Donnarumma uğurun əsas sirrinin komanda birliyi olduğunu vurğulayıb:
“Bu sözlərlə mən bütün varlığımı, onlara duyduğum sevgini çatdırmaq istədim – birlikdə gördüyümüz işi, birlikdə çəkdiyimiz əziyyət illərini. Çətin vaxtlar da oldu, amma bir yerdə qaldıq, qalxmağı və uğur qazanmağı bacardıq. İstədiyimiz yerə çatdıq və Avropa kubokunu qaldırdıq, çünki biz bir komanda idik.”
Park des Princesdəki vida çıxışı isə onu xüsusilə təsirləndirib:
“Belə bir reaksiyanı gözləmirdim, bu, məni həqiqətən duyğulandırdı.”
Artıq “Mançester Siti”də yeni həyatına uyğunlaşan Donnarumma Parisdəki illərinə görə minnətdarlığını bildirib:
“Onların hamısına təşəkkür edirəm, çünki Parisdəki yolumda mühüm rol oynadılar. Onlar həmişə məni dəstəklədilər, biz bir-birimizi dəstəklədik. Onlarda belə bir iz buraxdığıma görə çox xoşbəxtəm.”
© Copyright 2026, All Rights Reserved