Dünya Kuboku: Messigil Misir klubu ilə bacarmadılar
Leo Messinin çıxış etdiyi "İnter Mayami" komandası FIFA Klublararası Dünya Çempionatının açılış oyununda Misirin "Əl-Əhli" klubu ilə heç-heçə etdi.
90plus.az xəbər verir ki, Messinin liderlik etdiyi "İnter Mayami" FIFA Klublararası Dünya Çempionatının A qrupunda keçirilən açılış oyununda Misirin Əl-Əhli klubu ilə 0:0 hesablı heç-heçə edib.
Argentinalı dünya ulduzu Messi Mayamidəki "Hard Rok" stadionunda keçirilən oyunun ilk hissəsində heç nə ilə yadda qalmayıb. Əl-Əhli ilk hissədə oyuna nəzarət edirdi, lakin "İnter"in qapıçısı Oskar Ustari bir neçə dəfə qurtarış edərək komandasına kömək etdi.
MLS təmsilçisi ikinci hissədə daha yaxşı çıxış etdi. Oyunun sonlarına yaxın Messinin uzaq məsafədən vurduğu zərbə dirəyə tuş gəldi.
"İnter"in baş məşqçisi Xavyer Maskerano oyundan sonra bildirib ki, komandası yalnız qapıçı Ustarinin möhtəşəm performansı sayəsində oyunda “diri” qaldı:
“Ümumən, çıxışdan razıyam. İkinci hissə daha yaxşı oldu. Birinci hissədə bəzi topları itirdik və keçidlərdə zəif idik. Onlar bu sahədə təhlükəlidirlər. İkinci hissədə oyuna nəzarət etdik və qalib gəlmək üçün imkanlarımız oldu.” (📰: DAZN)
Azarkeş baxımından isə meydan sanki Qahirədəki stadionu xatırladırdı – minlərlə misirli fanat səs-küylə komandalarını dəstəkləyirdi. Amma meydandakı çıxış eyni səviyyədə deyildi.
"Əl-Əhli"nin baş məşqçisi Xose Riverya oyundan sonra DAZN-a bunları dedi
“Səhv olan nə idi demək istəmirəm. Birinci hissədə kifayət qədər imkanlarımız oldu, amma faydalana bilmədik. İkinci hissədə bir müddət çətinlik çəkdik, lakin müsbət məqamlar da oldu və gələn dəfə düzəldəcəyimiz şeylər var.”
“Sanki Qahirədə oynayırdıq. Mənim ilk oyunum idi və bu qədər misirli azarkeşi burada görmək məni təəccübləndirdi. Ümid edirəm, gələn dəfə onlara qələbə hədiyyə edə bilərik.”
Qeyd: Növbəti turda "İnter Mayami" "Porto" ilə, "Əl-Əhli" isə "Palmeyras" ilə qarşılaşacaq.