FIFA: 21 yaşadək yerli futbolçular hər heyətdə daim olmalıdır
FIFA yeni qayda üzərində işləyir – meydanda daim gənc yerli futbolçu ola bilər.
90plus.az xəbər verir ki, FIFA futbol dünyasında ciddi dəyişiklik yarada biləcək yeni qaydanı müzakirəyə çıxarıb.
Təklifə əsasən, klublar oyun zamanı meydanda ən azı bir klub və ya ölkə daxilində yetişmiş 20-21 yaşadək futbolçunu daim saxlamalı olacaq. Bu təşəbbüs artıq ilkin mərhələdə təsdiq alıb və geniş məsləhətləşmə prosesinə keçib.
Məqsəd – gənclərə daha çox şans
FIFA-nın planının əsas məqsədi gənc futbolçuların inkişafını sürətləndirmək və onların əsas komandada daha çox oyun vaxtı qazanmasını təmin etməkdir.
Hazırda bir çox liqalarda "yerliyetişmiş" qaydaları mövcud olsa da, bunlar əsasən heyətin qeydiyyatı ilə bağlıdır və futbolçuların meydanda oynamaq məcburiyyəti yoxdur. Məsələn, Premyer Liqa qaydalarına görə klublar 25 nəfərlik heyətdə maksimum 17 qeyri-yerli futbolçu saxlaya bilər.
Yeni təklif isə birbaşa start heyətinə və oyun ərzində seçimlərə təsir edəcək.
Geniş müzakirələr başlayıb
FIFA artıq bütün altı qitə konfederasiyasının nümayəndələri ilə ilkin müzakirələr aparıb və ideya ilkin mərhələdə müsbət qarşılanıb. Növbəti mərhələdə daha geniş konsultasiyalar keçiriləcək və təklifin bir il ərzində FIFA Şurasına təqdim olunması gözlənilir.
Əsas müzakirə mövzularından biri “homegrown” (yerli yetuşmiş) anlayışının dəqiq tərifi olacaq. Çünki bu termin müxtəlif ölkələrdə və liqalarda fərqli şəkildə tətbiq edilir.
Klublar üçün ciddi dəyişikliklər
Qaydanın qəbul olunacağı təqdirdə, bu, klubların transfer siyasətinə, heyət planlamasına və akademiya strategiyasına ciddi təsir göstərə bilər.
Hazırda bəzi klublar gənclərə geniş şans versə də, digərləri bu istiqamətdə geri qalır. FIFA-nın məqsədi bu fərqi minimuma endirmək və qlobal futbol üçün vahid standart yaratmaqdır.
Futbolda yeni dövr başlaya bilər
Təklif hələ yekun qərar mərhələsinə çatmayıb və əlavə dəyişikliklər mümkündür. Lakin qəbul edilərsə, bu qayda müasir futbolda start heyətinə birbaşa müdaxilə edən ən böyük islahatlardan biri kimi tarixə düşə bilər.