FIFA-dan penalti inqilabı: Qaydalarda tarixi dəyişiklik gözlənilir
FIFA futbolun ən çox müzakirə olunan mövzularından biri olan penalti zərbələri ilə bağlı inqilabi dəyişiklik etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, qaydalarda nəzərdə tutulan bu yenilik oyun qaydalarına dair hər şeyi alt-üst edə bilər.
FIFA Hakimlər Komitəsinin sədri Pyerluiçi Kollinanın rəhbərliyi ilə hazırlanan təklifə əsasən, penalti zamanı oyunçuların cərimə meydançasının ətrafında düzülməsi və xətt pozuntusu edənlərin sarı vərəqə alması artıq tarixə qarışa bilər. Yeni təklifə əsasən, qapıçı topu qaytararsa, topun istiqamətindən asılı olmayaraq oyun qapı zərbəsi ilə davam edəcək.
FIFA prezidenti Canni İnfantino və Pyerluiçi Kollina bu məsələ ilə bağlı razılığa gəliblər. Qayda dəyişikliyinin 2026–2027-ci illər mövsümündə qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurası — IFAB tərəfindən təsdiqlənməsi tələb olunur.
Yeni qaydalara əsasən, bundan əvvəl “ikiqat toxunuş” səbəbilə ləğv olunan penalti qolları da fərqli şəkildə qiymətləndiriləcək. Əgər futbolçu tərəfindən baş verən ikinci toxunuş qeyri-ixtiyari olarsa, həmin qol keçərli sayılacaq. Xatırladaq ki, ötən mövsüm UEFA Çempionlar Liqasında “Atletiko Madrid” klubunun ulduzu Xulian Alvaresin penalti zərbəsi bu cür bir vəziyyət səbəbindən ləğv edilmişdi.
Bu dəyişikliklərlə futbolun ən həyəcanlı anlarından biri olan penalti zərbələrinin qaydalarına tamamilə yeni bir baxış gətiriləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved