"Geri dönüş edə biləcəyimizə inanıram"
"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub. 90plus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb: - Oyunumuzdan və hesabdan narazı qaldım. Oyunu çox çətinləşdirdik. Öz səviyyəmizdə oynamadıq. Bir neçə futbolçu bu gün öz səviyyəsinə çata bilmədi. Bu haqda düşünməliyik. Çempionat matçına və kubok oyununa hazırlaşmaq üçün bir neçə günümüz var. Hazırda yaxşı görünmürük. Futbolçularıma yüz faiz inanıram. Onlar növbəti matçda nəticəni dəyişə biləcəklər və bizi finala daşıyacaqlar. - Komandanın yaxşı görünməməsinin səbəbi nə idi? - Çoxlu səbəblər ola bilər. Ən böyük səbəblərdən biri süni örtüklü meydançadır. Futbolçularımla çoxlu söhbət edirəm. Çalışıram onların fikrini yayındırım ki, meydança haqda çox düşünməsinlər. Səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Yaxşı oynamsan belə, meydanda mübarizə aparmalısan. Cavab matçında rəqibə başqa üzümüzü göstərməli olacağıq. - Meydanda mübarizə var idi. "Neftçi"nin hücumda "dişsiz" olmağının səbəbi nədir? - Düzgün vurğuladız. Mən də eynisini dedim. Sadə oynamadıq. Buna görə də oyunu çətinləşdirdik. Epizodlar var idi ki, bir toxunuşla oynayıb, təhlükə yarada bilirdik.