"Mənə Allah tərəfindən şans verilsəydi, elitada qalmağı seçərdim" - Şahin Diniyev
"Qarşılıqlı hücumlar oldu, hər iki komandaya xallar vacib idi. Çox maraqlı oyun keçdi. İlk hissədə xarakter göstərdik, ağıllı futbol oynadıq. Fasiləyə qədər onlara şans vermədik. İkinci hissədə gərəksiz qollar buraxdıq. 0:2 oyunun qırılma nöqtəsi idi". 90plus.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 30-cu turuda "Zirə"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. O, artıq qarşıdakı hər bir görüşün onlar üçün çox vacib olduğunu dilə gətirib: "Zirə"yə Avropa yolunda, bizə isə elitada qalmağa xal lazım idi. Bundan sonra hər görüş bizim üçün vacibdir. Bundan sonra artıq hesabın mənası yox idi. 0:3, 0:4, 0:5... Artıq orta xəttdə boşalmalar oldu və hücumlar etdik. Bunun nəticəsində qapımızda daha bir qol gördük. "Zirə" ən yaxşı oyunlarından birini keçirdi. Qarşıda iki kubok və 6 çempionat oyunumuz var". Mütəxəssis oyun qrafikindən də şikayətlənib: "Ağır qrafikdir. Həm də oyunların da mahiyyəti böyükdür. Liderlərə qarşı oyunlarımız olacaq. Qarşıda "Qəbələ" ilə 3, "Neftçi" ilə 1 oyunumuz var. Bizim üçün ağırdır. Həm "Neftçi"nin, həm "Qəbələ"nin xallara ehtiyacı var. Onlar da qazanmaq istəyəcək. Üç gündən bir oynamaq çox çətindir. Tək bizdə deyil, digər klublara da ağırdır. İngiltərədə belə üç gündən bir oynamaq çətinlik yaradır. Sıx qrafikdə dəyişikliklər vacib olacaq. Çalışacağıq, rotasiyalar hesabına nələrsə edək. Hər oyun bizim üçün vacibdir. Oyuna çıxıb, mübarizə aparmasan, futbol səni bağışlamayacaq". Diniyev Premyer Liqada hakimlərin fəaliyyəti ilə bağlı danışıb. O, bu matçda hakimlikdən narazı qaldığını deyib: "Referilərdən danışmaq istəmirəm. Vacib oyunlarda bizə qarşı çıxıblar. Bu qədər səhvlər elə ancaq bir tərəfə olur. Faktlar var, qayda pozuntusu varsa, nə üçün vermirsən? Hakimlikdən narazı qaldım. Tək bu deyil, digər oyunlarda da belə olub. Bütün klublar hakimlərdən narazıdır". Məşqçi "Sabah" üzərində qələbədən sonra futbolçularda arxayınlıq yaranmışdımı" sualına belə cavab verib: "Xeyr. Komanda istəkli idi, xarakter göstəririk. Bəzi şeylər var, onları mən daha yaxşı görürəm. Meydanda normal futbol oynayırıq. Son dəqiqələrdə verilən boşluqlar normal idi, çünki komandam açılmışdı. "Zirə" də bu gün çox yaxşı futbol oynadı. Hər futbolçu çalışır ki, elitada qalaq. Mütəxəssis futbolçusu Samir Abdullayevin start heyətdə yer almamasına, lakin ehtiyatdan meydana daxil olduqdan sonra oyunu canlandırmasına da toxunub: "Bilirsiniz, məşqçi hansısa dəyişikliyi edirsə, özü də beynində oyunu aparır. Bəlkə də razıyam, bəlkə də yox. 0:2-dən sonra qol imkanlarımız olsaydı, vura bilsəydik, bəlkə fərqli olardı". Diniyev "Azərbaycan kubokunu qurban verib, elitada qalmağı düşünürsünüz" sualını bu cür cavablandırıb: "Futbol xəyanəti sevmir. Bu oyun faktlarla oturuşmuş bir şeydir. Futbola xəyanət etsən, səni bağışlamaz. Mən heç vaxt bunu etmərəm. Meydana çıxırsızsa, gərək sona qədər mübarizə aparasan. Lazımsız oyun olmur. Hər iki cəbhədə vuruşacağıq. Allah qabağıma şans qoysa ki, ya kubok, ya elita, elitanı seçərəm".