“Man Siti” Pepə heykəl qoyacaq
“Mançester Siti”dən Pep Qvardiolaya möhtəşəm vida – tribunal və heykəl
90plus.az xəbər verir ki, “Mançester Siti” klubu baş məşqçi Pep Qvardiolanın şərəfinə xüsusi addım atıb.
İngiltərə nəhəngi rəsmən açıqlayıb ki, “Etihad” stadionunun yenidən qurulan Şimal tribunası bundan sonra “Pep Qvardiola Tribunası” adlanacaq. Klub eyni zamanda ispan mütəxəssisin heykəlinin də stadionun yaxınlığında ucaldılacağını bildirib.
Qərar Qvardiolanın 2025/26 mövsümünün sonunda klubdan ayrılacağını açıqlamasından sonra verilib. 55 yaşlı çalışdırıcı 10 illik fəaliyyətdən sonra “Mançester Siti” ilə vidalaşacaq.
Klub prezidenti Xəldun Əl-Mübarək bildirib ki, Pepin adı klub tarixində əbədi qalacaq:
“Pep Qvardiola Tribunası və onun heykəli Pepin mirasının həm bu klubun, həm Mançester şəhərinin, həm də İngiltərə futbolunun tarixində əbədi yaşayacağını göstərəcək”.
Klubun sahibi Şeyx Mənsur da Qvardiolanın “Mançester Siti”nin DNT-sini dəyişdiyini vurğulayıb:
“Pep bu klubun ambisiyasının simvoluna çevrildi. O, təkcə qazandığı kuboklarla yox, bunu necə etməsi ilə iz qoydu”.
Qvardiola 2016-cı ildən “şəhərlilər”i çalışdırırdı. Onun rəhbərliyi altında komanda 20 titul qazanıb. Bunlar arasında 6 Premyer Liqa çempionluğu və klub tarixinin ilk Çempionlar Liqası kuboku da var.
İspan mütəxəssisin rəhbərliyi altında “Mançester Siti” 2022/23 mövsümündə trebl edərək Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasını eyni mövsümdə qazanan ikinci İngiltərə klubu olmuşdu.
Qvardiola vida açıqlamasında bunları deyib:
“Məndən niyə getdiyim barədə soruşmayın. Sadəcə daxilən vaxtın gəldiyini hiss edirəm. Əbədi heç nə yoxdur. Amma insanların sevgisi və xatirələr həmişə qalacaq”.
Qeyd: “Etihad” stadionunun genişləndirilən Şimal tribunasında 7 min yeni yer əlavə olunub və tribunal ilk dəfə “Aston Villa” ilə oyunda istifadəyə veriləcək.
© Copyright 2026, All Rights Reserved