Messi yenidən Avropa nəhənglərinə qarşı
Major League Soccer (MLS) komandası "Inter Miami", 2025 FIFA Klublar Dünya Kubokuna qatılacaq son komanda kimi elan edildi.
90plus.az xəbər verir ki, genişləndirilmiş 32 komandadan ibarət turnir 15 iyun - 3 iyul 2025 tarixləri arasında ABŞ-ın ev sahibliyi ilə keçiriləcək.
Bu prestijli turnirdə Avropadan 12, Cənubi Amerikadan 6, Asiya, Afrika və Şimali Amerikadan isə ümumilikdə 12 komanda mübarizə aparacaq. Ev sahibi ABŞ-dan əlavə, Okeaniyadan da bir klub iştirakçılar arasında yer alacaq.
FIFA prezidenti Canni İnfantino, "Mayami"nin uğurunu tərifləyərək, "ABŞ-da oyun sahəsindəki üstün performansınızı davamlı olaraq nümayiş etdirdiniz. Buna görə də dünyanın ən yaxşı klublarından biri olaraq, 2025 FIFA Klublar Dünya Kubokuna qatılmağa layiq olduğunuzu elan etməkdən böyük qürur duyuram." ifadələrini işlətdi.
MESSI VƏ ULDUZLAR SƏHNƏYƏ ÇIXACAQ
"Inter Miami", Lionel Messi, Serxio Buskets və Luis Suares kimi dünya ulduzları ilə birlikdə bu böyük turnirdə səhnəyə çıxacaq. Turnirdə "Çelsi", "Mançester Siti", "Real Madrid", "Bayern Münhen", "Paris Sen-Jermen", "İnter Milan", "Porto" və "Benfika" kimi Avropanın nəhəng klubları da mübarizə aparacaq.
ABŞ-ın müxtəlif şəhərlərindəki səkkiz stadionda oynanacaq qarşılaşmalar arasında "Inter Miami"nin stadionu olan Hard Rock Stadionu da yer alır. Final isə Nyu Cersidəki MetLife Stadionunda keçiriləcək.
FIFA-nın Klublar Dünya Kubokunu 32 komandaya genişləndirmə qərarı, sıx oyun təqvimləri səbəbilə tənqid hədəfinə çevrildi. Xüsusilə UEFA-nın Çempionlar Liqası və Avropa Liqası qrup mərhələlərini genişləndirərək iki əlavə oyun əlavə etməsi, klubların və oyunçuların yükünü artırdı. FIFA-ya qarşı tənqidlər arasında ən diqqət çəkəni, oyunçuların hüquqlarını müdafiə edən qlobal həmkarlar ittifaqı FIFPro və 33 ölkədən 39 liqa və 1.130 klubu təmsil edən Avropa Liqaları təşkilatından gəldi.
Bu iki qurum, FIFA-nın "oyun üzərindəki gücünü sui-istifadə etdiyini" əsas gətirərək Avropa Komissiyasına iyul ayında birgə şikayət etdilər.
2023-cü ildə keçirilən son Klublar Dünya Kuboku, altı konfederasiyadan yeddi komanda arasında oynanmış və kuboku İngiltərə təmsilçisi "Mançester Siti" qazanmışdı.
2025 FIFA Klublar Dünya Kubokunun püşkü dekabr ayında çəkiləcək. ABŞ-da keçiriləcək bu böyük turnirin futbolsevərlərə unudulmaz bir yay yaşatması gözlənilir.