RƏSMİ: La Liqa matçı ABŞ-də keçiriləcək
UEFA “Vilyarreal” – “Barselona” matçının ABŞ-da keçirilməsini rəsmən təsdiqlədi.
90plus.az xəbər verir ki, UEFA La Liqanın “Vilyarreal” – “Barselona” görüşünü ABŞ-da keçirmək təklifini rəsmən təsdiqləyib. Beləliklə, bu matç Avropadan kənarda təşkil olunacaq ilk İspaniya çempionatı oyunu olacaq.
Görüşün 2026-cı ilin yanvarında Mayami şəhərində keçirilməsi planlaşdırılır. Bu addım La Liqanın qlobal miqyasda tanıtımını gücləndirmək və Şimali Amerikadakı azarkeşlərə daha da yaxın olmaq strategiyasının bir hissəsidir.
Lakin UEFA bu qərarın siyasət dəyişikliyi olmadığını vurğulayıb və bildirib ki, daxili liqa oyunları normalda ölkə daxilində oynanılmalıdır:
“UEFA bu gün açıq şəkildə bəyan edir ki, milli liqaların oyunları adətən öz ölkələrində keçirilməlidir”, – qurumun açıqlamasında deyilir.
UEFA-nın bəyanatında qeyd olunur ki, keçən ay Tiranda keçirilən İcraiyyə Komitəsinin iclasından sonra İspaniya və İtaliya futbol assosiasiyalarından gələn müraciətlər əsasında əlavə məsləhətləşmələr aparılıb. Bu proses zamanı azarkeşlər, digər liqalar, futbolçular və Avropa institutları tərəfindən oyunların xaricdə keçirilməsinə dair geniş narazılıq bildirilib.
Buna baxmayaraq, FIFA-nın bu məsələyə dair tənzimləyici çərçivəsinin hələ tam dəqiqləşməməsi səbəbindən UEFA-nın İcraiyyə Komitəsi istisna hal kimi iki oyunun xaricdə keçirilməsinə razılıq verib.
UEFA həmçinin bu qərarın bir istisna olduğunu və gələcəkdə daxili yarışların bütövlüyünü qorumaq üçün FIFA ilə birlikdə yeni qaydalar hazırlanacağını bildirib.
Bu qərar İtaliya A seriyasına da şamil olunub – İtaliya çempionatında “Milan” – “Komo” oyunu Avstraliyanın Pert şəhərində keçiriləcək.
UEFA prezidenti Aleksander Çeferin məsələyə münasibət bildirib:
“Liqa oyunları öz ölkəsində oynanılmalıdır. Əks halda bu, səfərlərə gedən sadiq azarkeşləri kənarda qoyar və yarışların balansını poza bilər. Məsələ ilə bağlı aparılan məsləhətləşmələr bu narahatlıqları tam şəkildə təsdiqlədi. Bu iki oyuna icazə vermək məcburiyyətində qalmaq təəssüf doğurur, lakin bu qərar tam istisna xarakteri daşıyır və gələcək üçün presedent yaratmır. Bizim əsas məqsədimiz milli liqaların bütövlüyünü qorumaq və futbolu doğma mühitində saxlamaqdır”.