Sxadadze pley-off oyunundan danışdı
“Qəbələ” mövsümü qələbə ilə başa vurdu: Sxadadze pley-off öncəsi xəbərdarlıq etdi.
90plus.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” mövsümün son oyununu uğurla tamamlayıb. Qarşılaşmadan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze komandasının çıxışını dəyərləndirib.
Gürcüstanlı mütəxəssis futbolçuların oyuna ciddi yanaşdığını vurğulayaraq, qələbənin vacib psixoloji üstünlük qazandırdığını bildirib:
“Son oyun idi və nəticə turnir cədvəlində heç nəyi dəyişmirdi. Buna baxmayaraq, azarkeşləri sevindirmək istəyirdik. Komandam yaxşı oynadı, gözəl qollar vurdu. Bu cür qələbələr pley-off qarşılaşması öncəsi futbolçulara özünəinam verir”.
Sxadadze rəqibin hələ müəyyənləşmədiyini xatırladaraq, xüsusi taktiki dəyişiklik etmədiklərini də qeyd edib:
“Sabah rəqib məlum olacaq. Ondan sonra hazırlıq prosesinə tam şəkildə başlayacağıq. Potensial rəqiblərin oyunlarını izləyirik”.
Baş məşqçi pley-off matçında arxayınlıq ehtimalını isə qəti şəkildə rədd edib. O, Premyer Liqa ilə 1-ci Liqa arasındakı səviyyə fərqinə baxmayaraq, həlledici oyunun tam fərqli atmosferdə keçəcəyini deyib:
“Bu görüş final xarakterli olacaq. Belə matçlarda hər detal önəmlidir. Futbolçularımın baxışlarından hiss edirəm ki, onlar qarşılaşmanın məsuliyyətini anlayırlar”.
Təcrübəli çalışdırıcı pley-off matçının yüksək səviyyəli stadionda keçirilməsinin vacibliyini də vurğulayıb:
“Ümid edirəm ki, oyun Premyer Liqa səviyyəsinə uyğun stadionda və təbii örtüklü meydanda təşkil olunacaq. Bakıda, Sumqayıtda və Tovuzda yaxşı stadionlar var”.
© Copyright 2026, All Rights Reserved