“Barselona”nın ‘Mayami oyunu’ ləğv olundu
“Vilyarreal” ilə “Barselona” arasında ABŞ-da keçirilməsi planlaşdırılan və çox müzakirə olunam “Mayami oyunu” baş tutmayacaq.
90plus.az xəbər verir ki, Təşkilatçı Relevent son həftələr İspaniyada yaranan qeyri-müəyyənliyi əsas gətirərək layihədən geri çəkilib. La Liqa isə qarşılaşmanın əvvəlki kimi 21 dekabr, bazar günü saat 16:15-də “El Madrigal” (La Cerámica) stadionunda keçiriləcəyini təsdiqləyib.
Bu qərar bir neçə həftəlik spekulyasiyalara son qoydu və “Real Madrid”lə futbolçuların hüquqlarını müdafiə edən AFE üçün aydın qələbə oldu. “Real” Ali İdman Şurasına ikinci rəsmi şikayətini göndərmiş, AFE isə kapitanların adından rəqabət oyunlarının xaricə daşınmasına qarşı çıxmışdı.
Beləliklə, “Barselona” 2025-ci ilin son turuna çıxarkən bir gün əvvəl – 20 dekabrda keçiriləcək “Real Madrid” – “Sevilya” oyununun nəticəsini əvvəlcədən biləcək.
Hansi Flikin komandasının 22 dekabrda Mərakeşdə və ya hətta Peruda yüksək gəlirli yoldaşlıq oyunu keçirmək variantı da vardı. Lakin La Liqa ilə AFE arasında qüvvədə olan kollektiv sazişə görə bütün oyunçular 22 dekabr saat 23:59-a qədər İspaniyaya qayıtmalıdır. Buna görə bu planlar tamamilə ləğv olunub və komandalar ilin son oyununu ABŞ-dakı Hard Rock Stadionu əvəzinə “La Cerámica”da dolu tribunalar qarşısında keçirəcəklər.
© Copyright 2026, All Rights Reserved