Demçenko: “Bəzi futbolçular istəkli deyildi”
Misli Premyer Liqasının 31-ci turunda “Sumqayıt”a 1:2 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko qarşılaşmadan sonra məğlubiyyətin səbəblərindən danışıb.
90plus.az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının ümumi oyunundan razı qaldığını desə də, nəticəyə təsir edən əsas amillərin fərdi səhvlər və bəzi futbolçuların meydanda yetərincə mübarizə aparmaması olduğunu bildirib.
“Oyunumuz ümumilikdə alındı. Yaxşı qol imkanlarımız olsa da, təəssüf ki, onlardan istifadə edə bilmədik. Məğlubiyyətə görə günahkar özümüzük. Rəqibimiz sadə səhvlərimizi bağışlamadı”, – deyə Demçenko qeyd edib.
Baş məşqçi ikinci hissədə komandasının daha yaxşı çıxış etdiyini də vurğulayıb:
“İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq, nəzarəti ələ aldıq. Təəssüf ki, son saniyələrdə qol buraxdıq”.
Demçenko bəzi futbolçuların meydanda kifayət qədər fədakarlıq göstərmədiyini də açıq şəkildə bildirib. Onun sözlərinə görə, uğur qazanmaq üçün bütün komanda eyni səviyyədə mübarizə aparmalıdır:
“Qələbə qazanmaq üçün meydanda bütün gücünü sərf etməli, bir növ “ölməlisən”. Komandanın yarısı bunu edirdi, bir qisim futbolçumuz isə etmirdi. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməli, hamı güc sərf etməlidir”.
© Copyright 2026, All Rights Reserved