Demçenko: “İlk növbədə baş məşqçi günahkardır”
“Turan Tovuz” 3:0 “Araz-Naxçıvan” – Berdıyev qələbəni, Demçenko isə məğlubiyyəti şərh etdi.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turunda “Turan Tovuz” “Araz-Naxçıvan” üzərində 3:0 hesablı qələbə qazanıb. Görüşdən sonra hər iki komandanın baş məşqçiləri matçla bağlı fikirlərini bölüşüblər.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev qazanılan nəticəni çətin və vacib qələbə kimi dəyərləndirib:
“Bu gün çox vacib və çətin qələbə qazandıq. İkinci hissədəki oyuna görə uşaqlara minnətdaram. Yaxşı aktivlik var idi. Finişə yaxın çox vacib xallar qazandıq”.
Məğlub olan “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko isə oyundan sonra keçirilən mətbuat konfransında komandasının xüsusilə son dəqiqələrdə səhvlərə yol verdiyini bildirib:
“90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Oyunun sonlarında bizdə alınmadı və uduzduq. Son saniyəyə kimi döyüşməlisən”.
“Oyundan əvvəl desəydilər ki, 0:3 hesabı ilə məğlub olacağıq, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci hissədə də yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar”.
Mütəxəssis məğlubiyyətə görə tam məsuliyyəti üzərinə götürüb:
“Heç kim demir ki, günahkar futbolçulardır. İlk növbədə baş məşqçi günahkardır. Deməli, mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm”.
Demçenko komandasının avrokubok mübarizəsi barədə də danışıb:
“Məqsədimiz var. Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Şansımızın tam bitdiyini deməzdim”.
O, “Araz-Naxçıvan”ın ilk 6-lıq komandalarına qarşı nəticə qazana bilməməsini də belə izah edib:
“Yəqin ki, müdafiədən hücuma keçiddə çətinliyimiz var. Buna görə lazım olan nəticəni ala bilmirik. Oyunçuları müasir futbola keçirməyə çalışırıq. Top saxlamaq, pressinq etmək… Bütün komandanın bu rejimdə çalışması vacibdir. Əgər bir futbolçuda düşüş olursa, bu, bütün komandaya təsir edir. Sistemə kimsə daha tez, kimsə çətin uyğunlaşır. Hər şeyə baş məşqçi qərar verir. Bütün məsuliyyət mənim üzərimdədir”.