Hollandiyalı əfsanə: "Yamal Messini keçə bilər"
Uesli Sneider “Barselona”nın gənc istedadı Lamin Yamalın Lionel Messini geridə qoya biləcəyini iddia edib.
90plus.az xəbər verir ki, Uesli Sneider "AdventureGamers"a verdiyi açıqlamada Lamin Yamalın artıq Messi keyfiyyətinə sahib olduğunu və gələcəkdə argentinalı super ulduzdan daha yaxşı nəticələr göstərə biləcəyini bildirib.
Sneiderin sözlərinə görə, “Barselona” yeni ulduzuna sərhədsiz dəyər verir:
“Bir gün Lamin Yamalın Lionel Messini keçəcəyini danışa bilərik. Yamal ‘Barselona’nın yeni Messisidir. Onun getməsinə heç vaxt icazə verməzlər və məncə, o da ayrılmaq istəməz. O, ‘Barselona’da yetişib, çox şey qazanıb, böyük gəlir əldə edib, komandanın ulduzudur. Niyə Almaniyaya və ya İngiltərəyə getsin ki? Məntiqli deyil.”
Hollandiyalı veteran futbolçu əlavə edib:
“Bəlkə Messi kimi karyerasının sonlarında yeni bir şey sınamaq istəyə bilər. Amma 10 il sonra danışanda Yamalın yenə də ‘Barselona’ futbolçusu olacağını düşünürəm. Yamal karyera baxımından Messini keçə bilərmi? Bu mümkündür. Futbolçular hər il daha yüksək səviyyəyə qalxırlar. Yamal daha gəncdir, amma artıq çox təcrübə toplayıb. Ronaldu və Messinin o yaşlarda nə etdiklərini bilmirəm. İndi etməli olduğu tək şey performansını uzun müddət qorumaq və inkişafını davam etdirməkdir.”
2023–2024 mövsümündə əsas komandaya yüksələn Lamin Yamal indiyədək 117 matçda forma geyinib, 31 qol vurub və 40 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved