Marko Yankoviç: “20 nəfər dəlidir, 1 nəfər haqlı!”
“Qarabağ”ın futbolçusu Marko Yankoviçdən hakimlə bağlı iddialara cavab gəldi.
90plus.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Marko Yankoviç “Sabah”la oyundan sonra “Qafqazinfo”nun instaqram hesabında yayılan və hakimə hücum etdiyi iddia olunan görüntülərə münasibət bildirib.
Monteneqrolu yarımmüdafiəçi iddiaları qəbul etmədiyini və yayılan şərhlərin yanlış olduğunu qeyd edib:
“Əgər özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm: Əgər mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı? Əgər 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı səhv olsun və yalnız bir nəfər haqlı olsun? Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?”
Yankoviç bildirib ki, söhbət penalti epizodundan yox, hakimin davranışından gedir:
“Məsələ ondadır ki, mən meydanda ilk dəfə VAR-a baxmağı xahiş edəndə o mənə qırmızı vərəqə verdi və ‘rədd ol’ dedi. Bu, təkcə bir dəfə yox, dəfələrlə, təkcə mənə yox, digər oyunçulara da qarşı belə olub.”
Futbolçu əlavə edib ki, hakim tərəfindən paltardəyişmə otağına çağırılıb və bunu qeyri-peşəkar davranış kimi qiymətləndirib:
“Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir. Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır. Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona söyməmişəm.”
Yankoviç həmçinin qeyd edib ki, bu qırmızı vərəqə onun “Qarabağ”da 4 il ərzində ilk, karyerasında isə ikinci belə haldır.
© Copyright 2026, All Rights Reserved