“Milan” Levandovskini nişanlayıb
“Milan” Robert Levandovskinin "Barsa"dan mümkün ayrılığını yaxından izləyir.
90plus.az xəbər verir ki, İtaliyanın “Milan” klubu “Barselona”nın hücumçusu Robert Levandovskinin gələcək planlarını diqqətlə izləyir. Sport nəşrinin məlumatına görə, polşalı forvard İspaniyanı tərk edərsə, “rossonerilər” dərhal hərəkətə keçəcək.
Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir. Lakin Fabrizio Romanonun məlumatına əsasən, 37 yaşlı hücumçunun azad agent kimi klubdan ayrılma ehtimalı 50 faizdən çoxdur.
“Milan”ın idman direktoru İqli Tare artıq Levandovskinin meneceri Pini Zahavi ilə ilkin danışıqlar aparıb. Görüşdə yayda mümkün keçidin reallığı və futbolçunun maliyyə tələbləri müzakirə olunub.
Polşalı forvardın illik ümumi qazancı təxminən 33 milyon avro təşkil edir ki, bu da “Milan” üçün əsas maneə sayılır. Buna görə klub həm də digər hücumçu variantlarını nəzərdən keçirir və yanvar ayında yeni forvard transferi planlaşdırır.
Bununla yanaşı, Levandovskiyə Səudiyyə Ərəbistanından da cəlbedici təkliflər daxil olub.
Levandovski 2022-ci ilin yayında “Bayern Münhen”dən “Barselona”ya keçib. O, ötən mövsüm 38 qol və 7 məhsuldar ötürmə ilə katalon klubunun La Liqa çempionluğunda əsas pay sahibi olub. Cari mövsümdə isə 6 matçda 4 dəfə fərqlənib.
İspan mediasının məlumatına görə, “Barselona” növbəti mövsüm üçün yeni hücumçu axtarışına da başlayıb və əsas namizədlərdən biri kimi “Atletiko Madrid”in futbolçusu Xulian Alvares göstərilir.
© Copyright 2026, All Rights Reserved