Pol Poqba 26 ay sonra yaşıl meydanlara qayıdır
Pol Poqba 26 ay sonra meydana qayıdır — “Monako” ulduzu bu həftə “Renn”ə qarşı oynaya bilər.
90plus.az xəbər verir ki, Pol Poqba uzun fasilədən sonra yenidən meydana çıxmağa hazırdır. Fransalı yarımmüdafiəçi artıq 26 aylıq məcburi fasilədən sonra bu həftə sonu “Monako”nun heyətində “Renn”ə qarşı matçda iştirak edə bilər. Məlumatı L’Équipe yayıb.
Poqbanın dönüşü daha əvvəl iki dəfə planlaşdırılmışdı, lakin əvvəlcə əzələ, daha sonra isə topuq zədəsi buna imkan verməmişdi. Bu dəfə isə hər şey onun Yuventusla son olaraq “Empoli”yə qarşı oynadığı rəsmi matçdan 2.5 ildən çox vaxt keçdikdən sonra geri dönüşün reallaşa biləcəyini göstərir.
Pokoqnolidən ehtiyatlı açıqlama
“Monako”nun baş məşqçisi Sebastyan Pokoqnoli hələ də ehtiyatlı danışır:
“Onu göstərdiyi performansa görə qiymətləndirəcəyik. Ümid edirəm, artıq oynamağa yaxındır, amma tələsmək istəmirəm. Meydanda olanda xoşbəxt və geri dönmək üçün qərarlı bir futbolçu görürəm.”
Mütəxəssis Poqbanın komanda daxilində lider rolunu da vurğulayıb:
“Təcrübəli oyunçular gənclərə yol göstərməlidirlər. Paul doğru şəkildə istifadə olunsa, bütün komanda bundan yararlanacaq.”
“Monako” üçün kritik anda dönüş
Komanda hazırda Liqa 1-də 6-cı pillədədir, Çempionlar Liqası zonasından 5 xal geri qalır. Bu səbəbdən Poqbanın qayıdışı komanda üçün xüsusi əhəmiyyət daşıya bilər.
Poqba karyerasının ən çətin dövrünü geridə qoyub. O, əvvəlcə 4 illik dopinq cəzası almışdı, daha sonra bu cəza 18 aya endirildi və onun futbol həyatına qayıtmasına imkan yarandı. “Yuventus” müqaviləni ləğv etdikdən sonra futbolçu bu müddəti “cəhənnəm” kimi təsvir etmişdi.
Yeni başlanğıc
Hazırda “Monako” ilə 2 illik müqaviləsi olan Paul Poqba üçün bu matç modern futbolun son illərdə gördüyü ən simvolik geri dönüşlərdən biri ola bilər.
Əgər Poqba bu həftə meydanda olarsa, Avropa futbolu onun yeni həyatının ilk səhifəsini açacaq.