Qvardiola Mareska ilə əvəz oluna bilər
“Mançester Siti”də böyük dəyişiklik ehtimalı gündəmə gəlib. Klubun baş məşqçisi Pep Qvardiolanın mövsümün sonunda vəzifəsindən ayrılacağı ilə bağlı gözləntilər artıb.
90plus.az xəbər verir ki, “Hand of Arsenal”ın yaydığı məlumata görə, klub daxilində artıq bu ssenari əsas plan kimi qəbul edilir və keçid dövrü üçün hazırlıqlara başlanılıb. Hətta Qvardiolanın xidmətlərinin klub tərəfindən xüsusi şəkildə dəyərləndirilməsi, onun adının stadionda bir tribunanın üzərinə verilməsi məsələsi də müzakirə olunur.
Eyni zamanda, “Mançester Siti” rəhbərliyinin növbəti mərhələ üçün planı da hazırdır. Bildirilir ki, komandanın sükanı arxasına Enzo Mareskanın gətirilməsi üzrə danışıqlar yekunlaşmaq üzrədir.
Mənbənin iddiasına görə, Mareska üçün detallı layihə hazırlanıb və bu, klubun uzunmüddətli keçid planının bir hissəsidir. Lakin Qvardiolanın fikrini dəyişməsi və “Siti”də qalması ehtimalı tam istisna edilmir.
© Copyright 2026, All Rights Reserved