Roberto Mançini “Əl-Sədd” ilə müqavilə imzaladı
İtaliyalı məşqçi Roberto Mançini yeni iş yerini tapdı. Təcrübəli mütəxəssis Qətərin “Əl-Sədd” klubu ilə 2,5 mövsümlük müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, klubun rəsmi açıqlamasında qeyd olunub: “Roberto Mançini ‘Əl-Sədd’ ilə 2,5 mövsümlük müqavilə bağladı.”
Bir vaxtlar Türkiyənin “Qalatasaray” klubunu (2013–2014 mövsümü) çalışdıran Mançini, son olaraq Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi vəzifəsində çalışmışdı.
2024-cü ilin oktyabrından bəri işsiz olan italiyalı mütəxəssisin Körfəz təmsilçisi ilə anlaşması, karyerasında yeni bir səhifə açır. Futbol ictimaiyyəti artıq Mançininin “Əl-Sədd”də göstərəcəyi performansı maraqla gözləyir.
1964-cü ildə anadan olan Roberto Mançini futbolçu kimi “Bolonya”, “Sampdoriya” və “Latsio” kimi klublarda çıxış edib. “Sampdoriya” ilə A Seriya çempionluğu və UEFA Kubok Sahibləri Kubokunun qalibi adını qazanıb. İtaliya millisində 36 dəfə forma geyinən Mançini, oyunçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb.
O, “Fiorentina” və “İnter” kimi klublarda çalışıb, “İnter”lə ardıcıl üç dəfə A Seriyanın çempionu olub. Daha sonra “Zenit” klubunda (Rusiya) da fəaliyyət göstərən Mançini, 2018-ci ildə İtaliya millisinin başına keçərək komandasını 2021 Avropa Çempionatında qələbəyə daşıyıb.
© Copyright 2026, All Rights Reserved