Ulduzların geyinilmiş formalarının anbarı var
Messi və Ronaldonun, eləcə də digər dünya ulduzlarının geyindiyi formaların xüsusi anbar var.
90plus.az xəbər verir ki, dünya futbolunun ulduzları Lionel Messi və Kriştiano Ronaldonun geyindiyi formaların saxlanıldığı xüsusi anbar 2026-cı il Dünya Çempionatı öncəsi fəaliyyətini genişləndirir.
“MatchWornShirt” platformasına məxsus bu anbar Amsterdam yaxınlığında yerləşir. Burada minlərlə oyun forması qorunur. Kolleksiyada Ronaldonun “Real Madrid”, Messinin isə PSJ dövrünə aid formaları yer alır. Hətta “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin üzərində hələ də palçıq izləri olan forması da saxlanılır.
Platforma 2022-ci il dünya çempionatında böyük maraq görmüşdü – 53 ölkədən 6600 təklif verilmişdi. Ən bahalı satış Frenki de Yonqun forması olub (11 min avro). 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda isə daha böyük aktivlik gözlənilir.
Bütün formalar xüsusi yoxlamadan keçir, oyundakı görüntülərlə müqayisə olunur. Eyni zamanda “DNA destroyer” adlı cihaz vasitəsilə üzərindəki genetik izlər silinir.
Layihə "Ayaks" azarkeşləri olan Zonderveyk qardaşları tərəfindən yaradılıb. Onların məqsədi formaları sadəcə istifadə olunmuş əşya yox, futbol tarixinin bir parçası kimi təqdim etməkdir.
Hazırda bu kolleksiya futbolun canlı arxivinə çevrilib və 2026 mundialında rekord maraq gözlənilir.
© Copyright 2026, All Rights Reserved